1-ci siniflərə onlayn qəbulun 1 həftəsi keçməmiş ara yenə qarışdı - daimi həll üsulu yoxdurmu?

20-05-2023, 12:28           
1-ci siniflərə onlayn qəbulun 1 həftəsi keçməmiş ara yenə qarışdı -
Nizami Hüseynov: “Birinci sinfə qəbul elektronlaşdırılsa da, bəzən Bakının mərkəzində yerləşən məktəblərə kənardan şagird qəbulu aparılır”

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilib. Qeyd edək ki, şagird qəbulu artıq neçə ildir elektron formada həyata keçirilir.

Şagird qəbuluna yeni start verilsə də, problemlər, narazılıqlar səslənir. Abşeron, Xırdalan, Sumqayıt ərazilərində əksər məktəblərə şagird qeydiyyatında problem yaranıb.

Bu barədə sosial şəbəkələrdə valideynlər məlumat paylaşıb. Belə ki, sözügedən ərazilərdə məktəbin birinci sinfinə elektron qaydada şagird qeydiyyatdan keçirmək istəyən valideynlərdən məktəb seçimi zamanı prioritetlər tələb olunur. Valideynlərin yazdığına görə, Xırdalanda yerləşən 1, 2, 3 saylı məktəblərə şagird qeydiyyatı zamanı eyni problem yaranır. Bu məktəblərə birinci sinfə şagird qəbuluna yalnız şagirdin bacı və qardaşı həmin məktəbdə təhsil alarsa, yaxud da valideyni həmin məktəbdə çalışarsa mümkündür. Əks halda bu prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu mümkün olmur.

Valideynlər isə sosial şəbəkədə etiraz edərək, bunu övladlarının istənilən ərazidə yerləşən ümumi təhsil məktəblərində təhsil almasının məhdudlaşdırılması kimi qiymətləndirirlər.

Qanunvericiliyə görə, Azərbaycan Respublikası vətəndaşlarının ölkənin istənilən ərazisində yerləşən ümumi təhsil məktəblərində təhsil almaq hüququ var.

“Məktəblərin çoxunda şagird qəbulunda prioritetlər üzrə üstünlüklər müəyyənləşib və valideynlərin bir qismi məktəb seçimində bu cür problemlə üzləşir”

Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, birinci sinfə qəbulun mərkəzləşmiş şəkildə aparılmasından sonra qəbul qaydaları dəyişib. Hazırda mərkəzləşmiş sistem vasitəsilə qəbul elektron formada aparılır: “Hamı istəyir ki, uşağı elit məktəblərdə təhsil alsın. Amma hazırki sistemlə bu mümkün deyil. Çünki birinci sinfə şagird qəbulu əsasən ərazi üzrə aparılır. Valideynlər isə çalışır ki, uşağı hansı məktəb yaxşıdırsa, ora qəbul etdirsin. Bu zaman istədiyi məktəbdə yerlər dolanda narazı qalır. Birinci sinfə qəbul elektronlaşdırılsa da, bəzən Bakının mərkəzində yerləşən məktəblərə kənardan şagird qəbulu aparılır. Həmin ərazidə yaşayan uşaq isə yerlər dolduğundan kənarda qalır. Bakının mərkəzində yerləşən məktəblərdə yer olmadığından əlavə korpus inşa etmək mümkün olmur”.

Ekspert onu da əlavə etdi ki, Bakı, Abşeron və Sumqayıtda məktəblərdə ciddi şagird sıxlığı var. Problemin yaranmasına səbəb bölgələrdən Bakı və Abşerona axının olmasıdır. Buna görə də, məktəblərin çoxunda şagird qəbulunda prioritetlər üzrə üstünlüklər müəyyənləşib və valideynlərin bir qismi məktəb seçimində bu cür problemlə üzləşir: “Bu il birinci sinfə 160 min şagirdin getməsi proqnozlaşdırılır ki, onun da 48 mini paytaxt Bakıdadır. Bakıda 320 məktəb və 48 min də şagird var. Xüsusən, Bakının Binəqədi, Yasamal, Xətai rayonlarında hədsiz dərəcədə şagird sıxlığı var və orada sinif sayı azdır. Məktəblərin belə şərt irəli sürməsinin səbəbi odur ki, həmin məktəbin ərazisində yaşayan valideynlərin övladları cəlb olunsun. Sonra yer qalarsa, digər vətəndaşlar müraciət edə bilərlər. Bu müəyyən qədər çətindir, amma digər şəxsləri də anlamaq lazımdır. Kimsə tez qeydiyyatdan keçir, amma başqa yerdə yaşayır. Bu məsələ əlavə siniflər açmaqla, növbəlilik prinsipinə keçməklə, yeni məktəb korpusları tikməklə həll oluna bilər”.
Günel CƏLİLOVA
Bakixeber.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.