Azərbaycanda “pensiya davası”: - 65 yaşdan sonra da işləməyə icazə veriləcək?
22-05-2023, 15:37

Azərbaycanda təqaüd yaşı ilə bağlı müəyyən müzakirələr gedir.
“Dövlət Qulluğu haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, bir sıra sahələrdə çalışan insanlar üçün müəyyən yaş məhdudiyyəti qoyulub. Dövlət qurumlarında çalışan və yaşı 65-dən yuxarı olan şəxslər təqaüdə göndərilir.
Bunu ömrünün 40-45 ilini işə həsr etmiş insanların dincəlməsi, həmçinin əmək qabiliyyətli gənclərə şərait yaradılması baxımından doğru hesab edənlərlə yanaşı, bundan narazı olanlar da var.
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimindəki çıxışında 65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyi doğru hesab etmədiyini deyib.
Komitə sədri bildirib ki, yaş insanın əmək fəaliyyətinə mane ola bilməz. Son günlər, xüsusilə, yaşı 65-dən yuxarı olan müəllimlərin işinə xitam verilməsinə gəldikdə isə deputat hesab edir ki, özünü sağlam hiss edən, sertifikasiyadan keçən adamların işdən azad edilməsi ədalətsizlikdir:
“Biz çalışağıq ki, bu məhdudiyyəti aradan qaldıraq".
Azərbaycanda hansı yaş həddi təqaüd yaşı hesab olunmalıdır? Niyə insanlar 65 yaşdan sonra da işləmək istəyirlər?
TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda təqaüdlər əmək haqqından daha aşağıdır:
“Dünyanın hər yerində təqaüd yaşının artırılmasına qarşı etirazlar olur. Bu yaxınlarda Fransada, Yunanıstanda belə aksiyalar oldu. Yəni insanlar daha tez təqaüdə çıxmaq istəyirlər. Amma Azərbaycanda bunun tam əksidir. Azərbaycanda vətəndaşlar onları hətta 65 yaşında belə təqaüdə göndərdiklərinə görə narazıdırlar. Bunun səbəbini bilmədən, analiz etmədən suala cavab tapmaq çətin olacaq. Çünki təqaüdlər aşağıdır, insanlar çalışanda daha yüksək maaş alırlar.
Əgər söhbət təhsil işçilərindən gedirsə, onlar məktəbdə çalışarkən əlavə şagird götürürlər, məktəbin infrastrukturundan istifadə edərək şagird hazırlıqları ilə məşğul olurlar, bu da əlavə qazanc gətirir. Burada insanlar qınanılası deyil. Əsas sual odur ki, nəyə görə başqa ölkələrdən fərqli olaraq, bizdə insanlar təqaüdə çıxmaq istəmir, təqaüd yaşının artırılmasından narazı deyil, əksinə hətta 65 yaşdan sonra da işləməyə çalışırlar? Çünki ölkədə təqaüd çox aşağıdır, bu problem həll olunmaya qədər bu məsələ qalacaq”.
Ekspert hesab edir ki, ölkədəki demoqrafik vəziyyəti nəzərə alıb təqaüd yaşını daha aşağı salmaq mümkündür:
“Ümumiyyətlə, Azərbaycanda demoqrafik vəziyyətlə bağlı başqa ölkələrə nisbətən problem daha azdır. Avropa ölkələrində niyə təqüd yaşını artırırlar? Çünki doğuş azdır, gənclər iş yerlərini tam əvəz edə bilmirlər. Onlar da məcbur olaraq, təqaüd yaşını artıraraq boş qalan iş yerlərini doldurmağa çalışırlar, bu da etirazlara səbəb olur.
Çünki avropalı 30-35 il işləyəndən sonra təqaüdə çıxıb, daha yüksək təqaüd alıb, obrazlı desək, dünyanı gəzmək istəyir. Onlar daha tez pensiyaya çıxmaq üçün etiraz edirlər. Bizdə demoqrafik problem də o qədər ciddi deyil, hətta əqaüd yaşını 65 yaşdan da aşağı salmaq olar ki, işsiz olan gənclər daha tez iş yeri tapa bilsinlər”.
Natiq Cəfərli ölkəmizdə “işsizlər ordusu”nun 30 faizdən çoxunu gənclərin təşkil etdiyini vurğulayıb:
“İşsizliyin səviyyəsinə baxanda rəsmi rəqəmlər 3 yüz min, qeyri-rəsmi rəqəmlər isə ən azı bundan 2 dəfə çoxdur. Gənc işsizlik daha çoxdur, hətta rəsmi rəqəmlərə görə, 3 yüz min işsizin arasında gənclər 30 fazidən çoxunu təşkil edir. Yeni iş yerlərinin yaranmasında olan problemləri nəzərə alaraq, gənclərin təqaüdə getmiş insanların yerini doldurulması bizdə daha asandır.
Sadəcə, elə eləmək lazımdır ki, insanlar rahat şəkildə təqaüdə çıxmağa özləri can atsınlar. Bizdə insanlar təqaüdə çıxmaq istəmədiklərinə görə Milli Məclisdə bu tip məsələlər müzakirəyə çıxarılır. Çünki həqiqətən də aşağıdan belə bir tələb var, insanlar təqaüdə çıxmaq istəmir, daha çox çalışmaq istəyirlər, çünki əmək haqqı təqaüdə nisbətən daha yüksəkdir”.