"Hər rüb 3-4 min iş yeri ləğv olunur, bir bankın bağlanması qədər reaksiya çəkmir"
24-05-2023, 07:58

Bir neçə gün öncə, Azərbaycan Mərkəzi Bankı “Günay Bank” ASC -nin bağlanması ilə bağlı açıqlama yaydı. Qeyd edilirdi ki, bankın lisenziyası məcmu kapitalı miqdarı banklar üçün müəyyən edilmiş minimal miqdardan az təşkil etdiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olmasına, habelə cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirilmədiyinə görə “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən ləğv edilib.
“Günay Bank” ASC-nin bağlanması toplum arasında birmənalı qarşılanmadı. Müzakirələr aparıldı.
İqtisadçı Pünhan Musayev xəbər portalına açıqlamasında bildirib ki, praktiki olaraq, bankların bağlanmasının bir neçə səbəbi ola bilər ki, onlardan biri də kapital çatışmazlığından irəli gələn məsələlərdir. “Günay Bank” ASC-nin lizensiyasının ləğv edilməsinin də əsas səbəblərindən məhz bu göstərildi. Hansı ki, bank müflis elan olunarkən məcmu kapitalı müəyyən edilmiş normadan – 50 milyon manatdan az idi. Kapital adekvatlıq əmsalı da 3 faizdən az olmaqla, tələblərə cavab vermirdi. Fundamental normalardan əlavə, mövqeyi və texniki göstəriciləri (ümumi bank sektorunda aktiv və öhdəliklər üzrə çəkisi) də onu deməyə əsas verir ki, bankın bağlanmasının, sektora təsiri də demək olar minimumdur. Bu baxımdan narahatlıqlar əsasən, əmanət sahiblərinin qayğıları ilə bağlıdır.
“Rəsmi açıqlamaya görə, sığortası olan əmanətçilər kompensasiya ala biləcək, sığortası olmayan bir qrup da bankın verdiyi kreditləri toplayıb ödənişlərin ediləcəyini gözləməli olacaq. Onlar da, məlumatda bildirildiyi kimi, sayca kiçik bir qrupu əhatə edir.
Məsələ ilə bağlı daha çox iki vacib məqam diqqətimi çəkir. Əvvəla, ictimaiyyət məlumatla Mərkəzi bankın rəsmi açıqlamasında tanış oldu. Məlumatda hər şey qaydasında idi, ən əsas da maliyyə dayanıqlılığı və sabitliyinə təhdidin olmadığına dair verilən mesaj Mərkəzi Bankın həmin an atmalı olduğu ən vacib addım hesab olunur ki, Azərbaycan Mərkəzi Bankı da bunu etdi. Lakin çatışmazlıq ondan ibarətdir ki, Mərkəzi Bankın “burdayam” mesajını ala bilmədik. Çünki bu durumlarda Mərkəzi Bankın sonuncu instansiya kreditoru kimi “sinəsini qabağa verməsi” də önəmli məqamdır. Düzdür, ola bilər ki, “Günay Bank” sisteməhəmiyyətli deyildi. Bəs kim təminat verə bilər ki növbəti günlərdə ixtiyari bir sisteməhəmiyyətli bankımız bu duruma düşməz? Onda da, “Beynəlxalq Bank” təcrübəsi kimi öhdəlik dövlət vəsaitləri üzərinə düşəcək, yoxsa yenə hansısa bir BOKT səhnəyə çıxacaq? Ümid edirəm ki, son illər maliyyə sisteminin əhəmiyyətli inkişafında ciddi işlər görən Mərkəzi Bank bu məsələlərlə də xüsusi məşğul olacaq”-deyə iqtisadçı vurğulayıb.
Pünhan Musayevin fikrincə, bir başqa maraqlı məsələ də ondan ibarətdir ki, ölkədə hər il 10-12, ortalama hər rüb 3-4 min iş yeri ləğv olunur, onların da əksəriyyəti təşkilatların bağlanması nəticəsində baş verir. Halbuki, bir bankın bağlanmasındakı qədər reaksiya və müzakirəyə səbəb olmur. Niyə? Banklara maraq çoxdur, yoxsa “bank lobbiçiliyi” güclüdür?!
İqtisadçı deyir ki, hətta bağlanan bankın özündə belə üzv və əməkdaşların məşğulluq imkanları necə olacaq, o barədə heç bir fikir bildirilmədi. Bütün məsələlər əmanətlər, portfel, bank sayı və s. üzərində təmərküzləşmişdi.
“Zənn edirəm ki, bu məsələyə də ciddi münasibət göstərməkdə fayda var. Dünyanın hər yerində, xüsusən inkişaf etmiş ölkələrdə də bu məsələ belədir, sektorda dalğalanma olanda maliyyə məsələləri daha çox ön plana çıxır. Ancaq, nəzərə almalıyıq ki, biz maliyyə cəhətdən hələ ora tam çata biməmişik. Çünki real sektorumuz ona tam adekvat deyil. Necə ki, mütərəqqi maliyyə sistemi dayanıqlı real sektorun üzərində qurulur, onun da formalaşması əmək bazarının vəziyyətindən bilavasitə asılıdır”-deyə iqtisadçı qeyd edib. //Bizimyol.info //