“Azəraqrar” və “Aqrobaz”a kim “yaşıl işıq” yandırıb? - KTN-in pambıq və subsidiya oyunu

26-05-2023, 17:04           
“Azəraqrar” və “Aqrobaz”a kim “yaşıl işıq” yandırıb? -
Azərbaycan uzun illər neft və qaz sahəsində məhşur olsa da, pambıqçılıq sovet zamanında ondan heç də geri qalmayıb. Hətta sovet dönəmində ən yüksək nəticəni belə göstərib. O dövrün statistikasına görə, ölkəmiz 800 min tona yaxın pambıq istehsal edib. Hərçənd bu rəqəmin real olduğuna heç kim inanmır. Çünki mütəxəssislər bu qədər pambıq istehsal etmək üçün Azərbaycanın potensialının olmadığını iddia edirlər. Üstəlik, bu rəqəmin pripiska yolu ilə əldə edildiyinə dair iddialar da yetərli qədərdir.

TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bir neçə il bundan əvvəl hökumət pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı proqram qəbul edib. İlk illərdə bu sahədə bəzi nəticələr əldə olunmuşdu. Hətta 234 min ton pambıq istehsal edildiyi də bildirilirdi. Eyni zamanda, hökumət rayonlar arasında sovet dövründə olduğu kimi pambıq yarışı da keçirirdi.

Amma hər işdə olduğu kimi, bu sahədə də yetərli qədər oyunların oynanıldığı müşahidə olunur. Edilən müraciətlər, təqdim olunan sənədlərdən də görünür ki, Kənd Təsəsrrüfati Nazirliyi böyük pulların dövr etdiyi subsidiya və pambıq oyunu qurub. Məsələ ilə bağlı JAMAZ.İNFO-ya danışan Zərdab rayonu, Dəkkəoba kənd sakini, Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Şəmsi Əhmədov deyir ki, pambıqçılıq adı ilə milyonlarla manat pullar silinir. O bildirir ki, KTN rəsmi saytının “Suvarma” qrafik-bölməsində nazirliyin tabeliyində olan ,əmlakı və torpaqları dövlət mülkiyyətində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Abbasov Fəda Qabil oğlunun adına ölkə üzrə 550 hektar pambıq sahəsi qeydə alınıb. Onun sözlərinə görə, əlavə olaraq Salyan rayonun Pambıqkənd kəndində suvarma qrafikində olmayan 100 hektarlıq müqavilə ilə pambıq əkib. “Respublika üzrə orta məhsuldarlıq 30.9 sentner qəbul etsək “Azəraqrar” MMC-nin direktorunun 650 hektar sahədən götürdüyü məhsul 2000 ton edir. Bu xam pambıq kimi satılarsa 1,85 milyon manat edir”.

Şəmsi Əhmədov deyir ki, pambıq əkənlər arasında Fəda Abbasov adında istehsalçı olsa da, bu adamın hansısa tədarük müəssisəinə pambıq verdiyi barədə məlumata rast gəlinmir. “Əgər cənab direktor bu məhsulu zavodlarda emal edib, satıbsa, onda həmn məhsulun lifinin dəyəri 2 milyon dollar ,çiyidinin dəyəri isə 300 min dollar edir. Yəni, toplam 2,3 milyon dollar və ya 4 milyon manata yaxın məbləğ pul deməkdir”.

Keçmiş mütəxəssis iddia edir ki, iki il öncə də Beyləqanda hətta müqavilə bağlanılıb, əkin sahəsi bəyan olunub, subsidiya verilsə də, “Azəraqrar” MMC pambıq təhvil verməyib. Şəmsi Əhmədov həmin faktın detallarını belə açıqlayıb: “KTN-in tabeliyində olan “Azəraqrar” MMC 2021-ci ildə Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində iki tədarükçü şirkətlə 170 hektar pambıq üçün müqavilə bağlayaraq, dövlətdən 40 min manata yaxın subsidiya alıb. Lakin tədarük məntəqələrinə pambıq verildiyinə dair heç bir məlumat yoxdur”.

Zərdab sakini qeyd edir ki, müqaviləni MMC adından Anar Hüseynov imzalayıb. “Əgər məhsul təhvili varsa, qəbul qəbzi də olmalıdır. Lakin MMC həmin qəbzi göstərə bilmir”.

Şəmsi Əhmədov deyir ki, həmin il Beyləqan rayonunda orta məhsuldarlıq 35 sentner təşkil edib. “Bu o deməkdir ki, həmin il son məhsul olaraq 560 ton xam məhsul və ya 225 ton pambıq lifi təşkil edib. Bir ton pambıq lifinin 2500 dollar olduğunu nəzərə alsaq, həmin ili “Azəraqrar” MMC-nin və ya Anar Hüseynovun qazancı 500 min dollar və ya 850 min manat olub. Əgər bir rayonda təkcə bir bitki növündən bu qədər qazanc götürülürsə, respublik üzrə olan 60 min hektardan nə qədər qazanc əldə etdiklərini siz hesablayıb. Maraqlıdır ki, bunların hansı xidmətləri var ki, bu qədər qanunsuzluğa rəğmən, göz yumulur?”

Kənd təsərrüfatı mütəxəssisi bildirir ki, sözügedən qurumlar Zərdab, Beyləqan, Biləsuvar və Tərtərdə böyük pullar qazanırlar. “Bu azmış kimi, keçən il istisna olmaqla, ondan əvvəlki dönəmlərdə yaxşı subsidiya yazaraq, mənimsəyiblər. Hətta Zərdabda əkin olmadığı üçün pambıq subsidiyasına icazə verməyən müdiri işdən çıxarıb, sənədlərini isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərdilər”.

Şəmsi Əhmədov pambıq oyunları içində AZTV-nin keçmiş rəhbəri Arif Alışanovun da olduğunu dilə gətirib. O bildirib ki, Alışanovun “Aqrobaz” MMC-si təkcə Zərdab rayonunda bəyan etdiyi əkin sahəsinə görə, 80 min manat subsidiya alıb. “Amma buna baxmayaraq, “aqrobaz” bir kiloqram belə pambıq təhvil verməyib”.

Həmsöhbətimiz maraqlı bir məqama da toxunub. O deyir ki, Ucarda KTN-ə məxsus Pambıq Emalı Zavodu fəaliyyət göstərir. “Həmin zavodda pambıq yağı istehsal edilir. Lakin siz daxili bazarda yerli pambıq yağı görmüsüz? Təbii ki, yox. Çünki hamısı xaricə satılır”.

Şəmsi Əhmədov iddia edir ki, KTN rəhbərliyi və ona yaxın şəxslər daha çox pambıq əkmək məsələsində maraqlı olsalar da, satınalma qiymətinin artırılmasında maraqlı deyillər. “Çünki fermerlərdən qəpik-quruşa alıb, özləri baha satırlar”.

O qeyd edir ki, Azərbaycanda lif çıxımı 40 faizdən yuxarı sortlar daha çox əkilir. Bunun başlıca səbəbi həmin sortdan əldə olunan pambığın baha olmasıdır. Həm də burada başqa bir oyun daha var. “Əslində zavodlar nəmlik və zibilə çıxma adı ilə milyonlar qazanırlar. Onlar istədikləri rəqəmi göstərib, bunu qazanca çevirirlər. Nəticədə itirən fermerlər olur. Çünki subsidiya kondisiya çəkiyə görə verilir. Bu da fermerlərin 15-20% məhsul itkisi, bir o qədər də qazancdan məhrum olması deməkdir”.

Mövzu ilə bağlı araşdırmamız davam edəcək. Məssələ ilə əlaqədar yazıda adı keçən şəxs və qurumların mövqelərini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.