Qaxda dövlətin ayırdığı vəsait necə «uzun yolçuluğa» çıxır… — Saxta tenderlər, saxta MMC-lər və daha nələr…

4-04-2015, 14:45           
Qaxda dövlətin ayırdığı vəsait necə «uzun yolçuluğa» çıxır… — Saxta tenderlər, saxta MMC-lər və daha nələr… Rayonun bütün icra nümayəndələri büdcədən ayrılmış pul vəsaitlərini kəndlərin sosial inkişafına deyil, icra başçısının himayəsində olan MMC-lərin əli ilə müəmmalı ət-süd alınmasına xərcləyib: bəs bu ət-süd kimdən alınıb, kimə satılıb?
(Əvvəli qabaqkı saylarımızda)
Bəli, Prezident İlham Əliyev son çıxışlarında bir daha bəyan etdi ki, dövlət vəsaitlərinin xərclənməsində israfçılığa yol vermək olmaz. Bu isə o deməkdir ki, dövlət strukturları hər manatın təyinatı üzrə və məqsədyönlü şəkildə istifadəsinə birbaşa məsuliyyət daşıyır. Amma yazının ötən sayımızda təqdim olunmuş hissəsindən də göründüyü kimi, kokret halda Qax rayon İcra Hakimiyyətində məsələ çox qəlizdir. Bunu apardığımız araşdırmaların nəticəsi bir daha sübut edir.
Xatırladırıq ki, mövcud qaydalara görə, büdcə vəsaitlərinin xərclənməsi üzrə sənədlər «Tender haqqında» Qanunun tələblərinə uyğun olaraq Satınalmalar üzrə Dövlət Ağentliyindən keçməlidir. Sonra tenderdə qalib gəlmiş MMC həmin vəsaitin icrasına cəlb olunur və s.
Qax Mərkəzi Xəstəxanasının baş həkimi adı olub özü olmayan MMC-lərin əli ilə hansı maliyyə maxinasiyaları həyata keçirib?

Qəzet olaraq 2013 və 2014-cü illərdə Qax rayonuna ayrılmış pul vəsaitlərinin Satınalmalar üzrə Dövlət Ağentliyindən keçərək hansı MMC-lərin sərəncamına verilməsini araşdırmışıq. Dəhşətli mənzərə yaranıb. Əvvəlcə başlayaq Qax Mərkəzi Xəstəxanasından. Diqqət edin, 2014-cü ildə Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə görün nələrə imza atıb: bir ildə məlum MMC-lərin əli ilə bir xəstəxanaya müxtəlif xərc adı altında nə az, nə çox, düz 540 min manatlıq dava-dərman, dəftər-qələm, mebel alıb!
Buna bəlkə də şükür etmək olardı, əgər eyni mebel və avadanlıq 2012 və 2013-cü illərdə də «alınmasaydı».
Sual olunur: bir mebelin (bərk və yumşaq) istismar müddəti nə qədərdir? Nədir, xəstəxananın həkimləri hər il təzə mebel alıb köhnəni dağıtmaqla məşğul olub? Məgər bir mebeli 3-5 il istifadə etmək olmur ki?!

Xəstəxanaya 2014-cü ildə 46520, 2013-cü ildə isə 48820 manatlıq dəftər-qələm nəyə görə alınıbmış?

Rəsmi sənədlərlə təsdiqlənir ki, Qax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə xəstəxanaya 2013-cü ildə 48820 manatlıq, 2014-cü ildə isə 46520 manatlıq dəftər-qələm alıb. Azərbaycan bazarında bir qələm 10 qəpiyə, bir dəftər isə təxminən 6-8 qəpiyədirsə, belə çıxır ki, Tərlan Əhmədzadə 2013-cü ildə orta hesabla xəstəxanaya təxminən 470-480 min ədəd dəftər və ya qələm almışdır! Xəstəxanada isə, hamı bilir ki, bir nəfər dəftər-qələmdən istifadə edir, o da kargüzardır. Baş mühasib isə kompüterdən istifadə edir. Kargüzara isə il ərzində daxil olan və çıxan məktubları qeydə almaq üçün 2-3 qələm, bir ədəd də 50 qəpiklik qalın dəftər lazımdır. Həkimlərə gəlincə, yəqin ki, onların da xəstəlik vərəqələrini yazmaq üçün ildə bir-iki qələmə ehtiyacı ola bilər.
İndi sual olunur: bu qədər dəftərxana ləvazimatı almaq kimə lazımdır? Deməli, həmin pullar bu ad altında silinib, yeyilib. Yəqinki Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu faktı xüsusi olaraq nəzarətə götürəcək. Çünki redaksiyadan bu yeyinti faktı ilə bağlı rəsmi sənədlər artıq adı çəkilən idarəyə göndərilməyə hazırlanır…
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.