Hələlik sürücülər parklanma qaydasının pozulmasına görə cərimə olunmayacaq - RƏSMİ AÇIQLAMA
27-07-2023, 00:01

Bu gündən Azərbaycanda ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılıb. Sürücüləri düşündürən əsas sual parklanma üçün bu gündən etibarən hansı ərazilərdə nə qədər ödənişin tələb ediləcəyi, eləcə də, parklanma qaydalarına əməl etməyən sürücülərin cərimələnib-cərimələnməyəcəyidir.
Sputnik Azərbaycan suallara aydınlıq gətirmək üçün öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, bu gündən parklanma ilə bağlı qüvvəyə minən qərarın icrası ilə bağlı tədbirlər mərhələli qaydada həyata keçiriləcək. Yəni, paytaxtın yalnız mərkəz hissələrində, infrastruktur qurulan yerlərdə parklanma yerlərinin idarə edilməsinə başlanılacaq.
Parklanma tarifləri ilə bağlı məlumatlandırıcı lövhələrin yerləşdirilmədiyi ərazilərdə hələki parklanma ilə bağlı qaydalara əməl etmək tələbi qoyulmayacaq. Həmçinin parklanma tariflərinin müəyyən olunmuş ərazilər üzrə bu gündən ödənilməsi qüvvəyə minsə də, elektron ödəniş sistemi hazır olmadığından, sürücülərdən parklanma üçün ödəniş tələb olunmayacaq. Bunun üçün mobil tətbiq istifadəyə verildikdən sonra sürücülər parklanma üçün nağdsız ödəniş edəcəklər.
"Maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə parklanmaya görə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün xüsusi tətbiq istifadəyə veriləcək. İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər" - deyə AYNA-dan bildirilib.
Qeyd olunub ki, hələlik sürücülərə parklanma qaydalarına əməl etmədiyi üçün cərimə də tətbiq edilməyəcək.
"Bu istiqamətdə aparılan işlər tam yekunlaşdıqdan, müəyyən olunmuş parklanma yerlərində infrastruktur qurulduqdan sonra sürücülərdən parklanma üçün ödəniş tələb olunacaq", - deyə qurumdan bildirilib.
Həmçinin Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Hökumətin qərarı dövlət avtomobil yollarının tərkibinə daxil olan küçələrdəki parkinqlərə aiddir. Hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni, mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçinin özü qəbul edəcək.
Qurumdan onu da bildirdilər ki, yeni qaydalar tətbiq olunana qədər küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən hər hansı bir ödəniş tələb oluna bilməz:
"Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik".
Xatırladaq ki, Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. IV parklanma zonasına aid ərazilərdə parklanma ödənişsizdir. Eyni zamanda qaydalara əsasən, digər zonalarda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 07:00-ə qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında qərara əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrdə parklanmanın 1 saatı üçün 40 qəpik, digər ərazilər üçünsə 20 qəpik ödəniş edilməsi nəzərdə tutulub.