Rəşt-Astara dəmir yolunun tikintisi nə yerdədir?

27-07-2023, 12:24           
Rəşt-Astara dəmir yolunun tikintisi nə yerdədir?
Rusiya və İran Fars körfəzi limanlarına keçidi təmin edəcək Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb.
Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır. Bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib.
"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində 2023-cü ilin mayında hökumətlərarası saziş imzalanıb ki, bu da İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin çatışmayan hissəsinin tikintisi ilə bağlı təxminən 20 illik müzakirələrin nəticəsidir. Biz 2028-ci ilə qədər tikintinin tam yerinə yetirilməsini gözləyirik", - Savelyev qeyd edib.
Onun sözlərinə görə, "Rusiya Dəmir Yolları" Holdinqinin məqsədi 2023-cü ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə 1 milyondan çox konteyner daşımaqdır.
Qeyd olunur ki, mayın 17-də Rusiya və İran Fars körfəzi limanlarına keçidi təmin edəcək Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb.
Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.
Ümumilikdə 13 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir).
Sputnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.