Voleybolçu qızlarımız terror baş verən yerin yaxınında olub – İstanbuldan çıxa bilmirlər
29-06-2016, 14:45
Voleybol üzrə qadınlardan ibarət milli komandamız Slovakiya ilə Avropa Liqasının final matçına yollanarkən problemlə üzləşib. Yığma üzvləri Türkiyənin İstanbul şəhərində olarkən Atatürk Hava Limanında terror aktı törədilib.
Xoşbəxtlikdən, Faiq Qarayevin baş məşqçisi olduğu komanda hadisə vaxtı hava limanında olmayıb. Lakin onlar İstanbulda hələ də uçuşların bərpa olunmasını gözləyirlər.
Bu barədə AzNews.az-a Azərbaycan Voleybol Federasiyasının (AVF) nümayəndəsi Zöhrab Gözəlbəyli məlumat verib:
“Bir az əvvəl Faiq Qarayevlə danışmışam. Qızlarımız həmin gecəni yatmayıblar. Onlar İstanbul Atatürk Hava Limanının yaxınlığındakı oteldə qalırlar. Voleybolçularımız da həmin hadisədən təşvişə düşüblər, çox həyəcan, qorxu hissi keçiriblər.
Bu gün komandamız Slovakiyaya yollanmalı idi. İndi bizim ora çatmağımız sual altındadır. Bundan sonra hansısa uçuşların olması da bilinmir, saat neçədə uçuş olacağını da demirlər. Voleybolçularımız hələ də İstanbuldadır. Bizim iştirak edib-etməyəcəyimiz, matçın vaxtının dəyişib-dəyişməyəcəyi ilə bağlı bir şey deyə biləmərəm.
Məsələ ilə bağlı şifahi şəkildə Avropa Voleybol Konfederasiyasına məlumat vermişik.
Hazırda voleybolçularımız özlərini toparlamağa çalışır, çünki qarşıda yarış var.
Ancaq nə qədər özlərini ələ almağa çalışsalar da qardaş xalq üçün çox üzülürük. Terrora görə Türkiyəyə başsağlığı veririk. Biz federasiya olaraq terrora "yox" deyirik”.
Qeyd edək ki, Slovakiya ilə ilk oyun iyunun 30-da səfərdə, cavab görüşü iyulun 3-də Bakıda olacaq.