Dövlətin əli girən yerlərdə QİYMƏTLƏR QALXAR... - Taksi də belə getdi... sıradakı NƏDİR?
28-07-2023, 11:54

Ucuz taksi xidməti xüsusilə Bakı sakinlərinin çox işinə yarayır. İctimai nəaliyyat istənilən səviyyədə işləmir. “Uber”, “Bolt” kimi xarici şirkətlərin xidmətləri insanları xilas edir. Bəzən xeyli böyük məsafələri 2-3 manata qət etmək olur. Amma hiss olunur ki, hökumət məsələni belə qoymaq fikrində deyil. Neçə vaxtdır, taksi bazarında yeni olan “Uklon”un əsas rəqiblərini sıradan çıxarmaq üçün bir çox tədbirlərin görüldüyü cəmiyyətdə ciddi müzakirə olunur. Hər halda qanunvericilikdə dəyişiklik təsadüfən edilməyib.
Bizimyol.info xəbər verir ki, bir müddət əvvəl hökumət nümayəndələrinin “Uber” və “Bolt” rəhbərləri ilə bir sıra məsələləri müzakirə etməsi barədə məlumat paylaşılmışdı. Belə görünür, şirkətlərə xəbərdarlıq olunub. Hökumət qiymətlərin xeyli aşağı olmasının yolverilməzliyini düşünür. Açıq-aşkar görünür ki, xarici şirkətlərə təzyiq edilib. Bunun məntiqi nəticəsidir ki, “Uber” və “Bolt” qiymətləri qaldırıb. İyulun 24-dən ən aşağı hədd kimi 2 manat 50 qəpik müəyyənləşdirilib. Halbuki indiyə qədər bundan iki dəfə ucuz qiymətə harasa getmək mümkün idi.
Əlbəttə, taksi sürücüləri heç bir halda istismar olunmamalıdır. Onların həyat şəraiti yaxşılaşdırılmalıdır. Amma bu məsələdə hökumətin niyyəti xoş görünmür.
Qiymətlərin yüksəldiləməsi taksi sürücülərinin qazancının artmasına xidmət etməyəcək. İctimai nəqliyyatla bağlı məsələni xatırlayaq. Sürücülər nə qədər gərgin qrafiklə işləsələr də, pis qazanmırdılar. Sonradan bu məsələdə inhisar işini gördü. Bütün sürücülər konkret məvaciblə işləməyə məcbur edildi. İndi onların qazancı 850-900 manatı keçmir. Bu pulla isə Bakıda ailə saxlamaq mümkünsüz görünür.
Bir dəfə görmədik ki, hökumət qitmətlərin artmasının narahatlığını yaşasın. Taksi xidməti ucuz görünür deyə, əl-ayağa düşüblər. Nə təklif edirlər? İnsanlar işdən sonra evə necə gedib çatsın? Heç kimə sirr deyil ki, ictimai nəqliyyat bərbad gündədir. Şəhər sakinləri səhər işə çatmaq üçün əməlli-başlı döyüşməli olur.
Köməyə yenə ucuz taksilər çatırdı. Qiymətlərin bundan sonra yalnız yüksək olacağı gözlənilir. Hökumətin isə insanların nəqliyyat rahatlığını təmin etmək üçün heç bir planı yoxdur.
Bizimyol.info