Tələbə, yoxsa əməyi oğurlanan hüquqsuz işçi? - İstismarın "əlli tonu"...

31-07-2023, 11:09           
Tələbə, yoxsa əməyi oğurlanan hüquqsuz işçi? - İstismarın "əlli tonu"...
Əgər müəyyən qədər bal toplayıb, universitetə daxil olmusansa, "tələbə" adı ilə birlikdə "əməyi istismar edilən hüquqsuz işçi" statusunu da almağa hazırlaş - çünki Azərbaycandasan.
Azərbaycanda "tələbə" adını qazanmış və ödənişli universitetə qəbul olmuş istənilən gənc əgər imkanlı ailəsinin himayəsində deyilsə, mütləq işləməyə məhkumdur. İşləməyə və illik ödənişini, digər xərclərini çıxarmağa çalışan həmin tələbələri əmək istismarçısı olan böyük supermarketlər və bu kimi minimum əməkhaqqı ilə işçisinin əməyini oğurlayan, qarşılığında isə böyük mənfəət əldə edən şirkətlər, firmalar gözləyir. Məsələn, orta məktəbi bitirənədək heç bir iş yerində çalışmayan gənc, universitetə daxil olduqdan sonra ölkənin tanınmış supermarketlərindən birində 10-larla prosedur qaydalarından keçdikdən sonra "Part time" olaraq işə düzəlir. Tələbə olan həmin işçinin iş saatı saat 17:00-dan 23:00-dəkdirsə, getməsinə icazə verilmir, mağaza bağlanıb, sonuncu müştəri yola salınanadək o işçi mağazada məcburi gözlədilir və ona əlavə işlər gördürülür. Məsələn, əgər o satıcıdırsa və şirniyyat bölməsinə baxırsa, saat 23:00-dan sonra ət məhsulları bölməsinə toyuq, yumurta, balıq daşıyır. Beləliklə gecə saat 00:30 radələrində bu vaxta qədər istismar edilən işçilər üçün market rəhbərliyi xüsusi avtomobil ayırır və onlar iş saatları bitdikdən ən azı bir saat sonra həmin avtomobillərlə evlərinə ötürülürlər. Digər bir biabrçı məsələ - işçilərin geyim formalarının pulu "part time" hesablanan maaşlarından tutulur. İşə yeni düzələn işçinin ilk maaşından ən azı 15-20 manat onun geyim formasına tutulur. Fəsillər dəyişdikcə formalar da dəyişilir və hər dəyişilən forma üçün işçinin maaşından formapulu tutulur. Halbuki, formapulu işçinin maaşından tutulmamalı, şirkət rəhbərliyinin özü işçilərini geyim formaları ilə təmin etməlidir.

Ancaq istismar təkcə marketlərlə, firmalarla yekunlaşmır, Bakının iri "Mall"larındakı tanınmış kafe və restoranlarında da belə hallar baş verir. İşçilərin əməyi az bir ücrət qarşılığında oğurlanır, onlara əməklərinin haqqı olandan qat-qat aşağı maaş verilir, rəhbərlik isə o işçilərin əməyindən ən yüksək mənfəəti əldə edir. Supermarketlər, kafe və restoranlarla birlikdə kuriyer xidmətlərində də vəziyyət tələbə işçilərin xeyrinə deyil. Hələ "Bolt" və "Uber" kimi taksi xidmətlərində gecələri yuxusuz avtomobil idarə edib, qazandıqlarının yarısını şirkətlərə verən gəncləri demirəm.

Nəticə etibarı ilə bu cür iş yerlərində işçilərin vəziyyəti olduqca acınacaqlıdır. Xüsusilə də xərclərini qarşılamaq üçün bu sahələrdə işləməyə məcbur olan tələbələrin əməyi öz qarşılığını tapmır.

QEYD: Bir zamanlar tələbə olmağın yeganə yükü dərslərini ən yaxşı şəkildə hazırlamaq və yüksək qiymətlərlə universiteti bitirmək idisə, indi buna qazanc məcburiyyəti də əlavə edilir. Ölkənin qabaqda gedən universitetlərinin tələbələri sırf ödənişlərin ağırlığı ucbatından ucuz işçi qüvvəsi qismində ən qatı istismara məcbur qalır, fürsətcil işbazlar da bu vəziyyətdən maksimum istifadə edirlər. Ölkə isə iri bir istismar bataqlığına çevrilib.

Ardı var...
Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.