Mətbuat işıqlandırdı, qurumlar "kölgə" saldı: - "Şuşa" kinoteatrının ərazisi niyə çəpərlənib?
1-08-2023, 17:23

Bakının Atatürk prospektində - bir zamanlar "Şuşa" kinoteatrının yerləşdiyi bölgədə indi kinoteatrdan böyük bir xarabalıq qalıb. Ötən il həmin zibillikli və üfunət qoxan ərazinin görüntüləri mətbuatda işıqlandırıldığı üçün bu il ərazi dəmir çəpərlərlə hasarla "mühafizə"yə alınıb.
Şəhərin mərkəzində böyük bir ərazini zəbt edən bu dəmir çəpərlərdən isə elə bil, heç bir qurumun xəbəri yoxdur. Mədəniyyət Nazirliyi ərazinin İcra Hakimiyyətinin balansında olduğunu, İcra Hakimiyyəti isə Nazirliyin nəzdində olduğunu deyib, problemi "yanan top" kimi öz üzərindən atır.
Keçmiş Şuşa kinoteatrının çirklənən ərazisi çəpərlənsə də, orada hər hansı bir tikinti işi getmir. Çünki ərazidə yaşıl və iri ağaclar var və inşaat üçün ilk öncə onlar kəsilməlidir. Ağacları göz görə-görə kəsə bilmədiklərindən, inşaat arzusu da ürəklərdə qalır. İllərdir ki, burada vəziyyət belədir. Ötən il çəpərlərdən içəri keçib, oradan görüntülər çəkmişdik, içəri başdan başa zibillik, iynələr və kimsəsiz insanların səyyar yataqları ilə dolu idi. Bu dəfə həmin giriş də qapadılıb və orada nə baş verir, içəri necədir bilinmir.
Böyük bir ərazi naməlum "qüvvələr" tərəfindən çəpərlənib və nə vətəndaşlara, nə də mətbuata bu haqda heç bir açıqlama verilmir. Kim harda, necə gəldi bir ərazini hasarlayır, çəpərləyir və şəxsiləşdirir. Vaxtilə Azərbaycan vətəndaşlarına, xalqa məxsus olan Bakının "Şuşa" kinoteatrı indi dağıdılıb, yeri xarabalığa çevrilib, ərazisi isə naməlum qurumlar tərəfindən çəpərlənərək, şəxsiləşdirilib. //Bizimyol.info//