Aldadılan sakinlər “Birlik” MTK-dan şikayət etdilər –Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə-VİDEO

3-07-2016, 14:57           

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin binasının qarşısında “Birlik” MTK tərəfindən aldadılan vətəndaşlar tərəfindən növbəti etiraz aksiyası keçirilib. Bura “Birlik” MTK tərəfindən pulları əllərindən alınan, ancaq illərdir tikilib təhvil verilməyən mənzillərin sahibləri toplaşıblar.

İllərdir “Birlik” MTK vətəndaşları aldadır. Onlar haqqında açılan cinayət işlərinin də bir nəticəsi olmayıb. “Birlik” MTK işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatında araşdırılıb və səbəbkarlar 13-14 il cəzaya məhkum olublar. Amma kimlər? Elman Tağıyevin və onun qardaşı Məhərrəm Məhərrəmovun (soyadları fərqli olsa da, bu adamlar doğmaca qardaşdırlar və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin doğmaca əmisi oğludurlar – Red.) yalanlarının qurbanı olan günahsız adamlar. Elman Tağıyev Ağır Cinayətlər Məhkəməsi tərəfindən 14 il cəzaya məhkum olsa da, əlini-qolunu sallayaraq azadlıqda gəzir.

Tağıyev Elman Həsənqulu oğlunun rəhbərlik etdiyi “Birlik” MTK-nın zərərçəkənləri KQMİ-dən ədalət istəyirlər. Onlar 5-6 ildir süründürülürlər. Dünən də bu süründürməçiliyin nəticəsi idi ki, adamlar etirazlarını bildirirdilər. Maraqlıdır ki, bu qədər insanın etirazını eşitməyə, çəkməyə nə telekanallardan, nə də böyük media holdinqlərdən heç kim gəlmir. Çünki telekanallar çəkinirlər və bu qədər cinayətlərə göz yummağı daha üstün tuturlar. Ona görə də heç kim aldadılan sakinlərin dərdinə əlac tapa bilmir.

KQMİ isə problemi həll etməkdənsə, vətəndaşlara məsləhət görür ki, gedin, binanızı özünüz tikin. Söhbət isə 15 mərtəbəli binadan gedir.

Toplantının nəticəsi olaraq KQMİ-nin rəisi Kamran Əliyev “Birlik” MTK-dan zərər çəkən adamların nümayəndələrini qəbul edib. Kamran Əliyev səlahiyyətlilərə konkret tapşırıqlar verib ki, vətəndaşların şikayətlərini həll etsinlər, yoxsa pis olacaq. Nə olacaq, o haqda heç nə deməyib.

İnanırıq ki, narazı və aldadılan sakinlərin işləri həll olunacaq. Biz isə bu işin təqibçisi olacağıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.