Tələbələrin yerləşmə problemi - Dövlət və özəl yataqxanaların tikilməsinə nə mane olur?
20-08-2023, 13:44

Növbəti dərs ilinin başlanmasına az qalıb. Bölgələrdən Bakıya kütləvi şəkildə tələbə axını başlamaq üzrədir. Aztəminatlı ailələrin övladları olan tələbələr üçün mənzil kirayələmək çox çətindir. O baxımdan tələbə yataqxanalarına böyük ehtiyac duyulur. Paytaxtdakı tələbə yataqxanaları yetərlidirmi? Orada şərait necədir? Türkiyə və təhsil sahəsində böyük inkişaf qət etmiş digər ölkələrdə olduğu kimi, Azəbaycanda da özəl yataqxanaların tikilməsi, tələbələrin ixtiyarına verilməsi mümkündürmü?
Təhsil məsələləri üzrə ekspert Eldəniz Qafarov mövzu ilə bağlı TNS-ə bildirib ki, hər il bu vaxtlar tələbələrin yerləşməsi ilə bağlı çətinliklər yaşanır: “Məsələ belədir ki, ölkəmizdə hər il tələbə yerlərinin sayı artmaqdadır. Bu il tələbə yerlərinin sayı təqribən dörddə bir qədər artıb. Xüsusilə də tələbələrin əksəriyyəti Bakıda yerləşən ali məktəblərdə təhsil aldığı üçün paytaxtda bu mənada sıxlıq var. Ölkəmizdə ali məktəblər kampus formasında olmadığı və tələbə yataqxanalarının az olması səbəbindən çətinlik mövcuddur. “Təhsil haqqında” Qanunda da göstərilir ki, dövlət bütün ali məktəbləri kampus formasında təşkil edir. Onlara aşağı faizlə kreditlər verir".
Ekspert bildirib ki, hazırda Azərbaycan Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi bir sıra ali məktəblərin yataqxana imkanları digər universitetlərdən daha yaxşıdır. Bakı Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universiteti və başqa ali təhsil müəssisələrinin tələbə yataqxanaları mövcud olsa da, yerlər kifayət qədər deyil.
Elşən Qafarov hesab edir ki, ali təhsil müəssisələri dövlətin təklif etdiyi aşağı faizli kreditlərdən faydalanıb, yeni yataqxanaların tikintisinə başlaya bilər.
“Bundan başqa, bir sıra ali məktəblərin regionlara köçürülməsi də müzakirə olunur. Dövlət 10 ilə yaxındır ki, bu təklifi edir. Xüsusilə Quba, Qəbələ, Şamaxı və bir neçə şəhərdə ali məktəblərin qurulması təklif olunur. Həmin ərazilərdə yeni sahələr ayrılsa da, çox təəssüf ki, ali məktəb rəhbərlikləri qərara gələ bilmirlər. Nəticə etibarilə yataqxanalarla bağlı ciddi problemlərimiz var”, - o bildirib.
Ekspertin fikrincə, ən yaxşı modellərdən biri kimi qardaş Türkiyənin təcrübəsindən faydalanmaq olar: “Türkiyədə son 10 ildə ali məktəblərin sayı 17-dən 70-ə yüksəldi. Bu gün tələbələrin yaşayış yerləri ilə bağlı Türkiyə təcrübəsi dünyada nümunə ola biləcək səviyyədədir. Azərbaycanda bu problemin həlli üçün 2 yol var. Birinci qeyd etdiyim kimi, ali məktəblər dövlətin təklif etdiyi aşağı faizli kreditlərdən yararlanaraq yataqxanalar inşa edə bilər. İkinci isə ali məktəblərin yerinin regionlara dəyişdirilməsidir. Bir məqam da var ki, işğaldan azad olunan ərazilərimizə köç sürətləndikcə tələbə yataqxanalarında da yerlər boşalır. Bu da müəyyən qədər effektini göstərəcək. Düşünürəm ki, bu problem qismən də olsa, həllini tapacaq".
Azərbaycan Dillər Universitetindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, ali məktəbin qızlar yataqxanası fəaliyyət göstərir: “Yataqxana 200 nəfərdən artıq tutuma malikdir. Həmçinin yataqxana müvafiq avadanlıqlarla, internet və digər zəruri tələbatlarla təmin edilib. Azərbaycan Dillər Universitetinin tələbələri üçün ay ərzində ödəniş 30 manat, kənardan gələn tələbələr üçün isə 50 manatdır.
Bu ödənişlərə kommunal xidmətlər də daxildir. Eyni zamanda Azərbaycan Dillər Universitetində 8 Mart günü münasibətilə tələbələr 1 aylıq ödənişdən azad olunurlar”.
Azərbaycan Dövlət İqtisad Universitetindən TNS-ə bildiriblər ki, hazırda universitetin yataqxanası mövcuddur. Lakin həmin məcburi köçkünlər məskunlaşdıqları üçün yataqxana tələbələrin istifadəsinə verilə bilmir. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar yenidən qurulub istifadə veriləcək.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də qeyd edilib ki, təhsil ocağının tələbə yataqxanası uzun illərdir, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətindədir: “Universitetimizin tələbə yataqxanalarında məcburi köçkünlərimiz məskunlaşıb. Ona görə də hələ ki, universitetin yataqxanasından istifadə mümkün deyil”.
Bünyamin Bünyadzadə