Əgər yenə eyni kadrlar yerində qalacaqdısa, “xan”ın dəyişilməsinə nə ehtiyac vardı?

24-08-2023, 08:34           
Əgər yenə eyni kadrlar yerində qalacaqdısa, “xan”ın dəyişilməsinə nə ehtiyac vardı?
Ədalətli idarəçilik təmsilçilik oranı ilə ölçülür. Məhz bu səbəbdən də demokratik ölkələrdə parlametlərə seçkilər keçirilir və bütün bölgələri təmsil edən deputatlar ölkənin hökumətini seçirlər. Və qurulan hökumət kabinetində bacardıqları qədər bütün bölgələrin nümayəndələri təmsil olunur.
Naxçıvanda xüsusi nümayəndənin başına topladığı kadrların böyük əksəriyyətinin öz rayonundan olmasını tənqid edən kimi, dörd bir tərəfdən üstümüzə tökülürlər. Əllərində daşdan keçən arqumentləri də var: “Əsas odur ki, yaxşı kadr olsunlar”.
Sual olunur: bəyəm, yaxşı kadrlar bölgənin hər tərəfinə eyni ölçüdə yayılmayıb? Lap deyək ki, elədir.
O zaman ikinci sual ortaya çıxır: canişin əfəndinin başına yığdığı kadrlar həqiqətənmi bu vəzifəyə ən layiq olanlardır? Hansı ki, onların hamısı “xan” dövrünün yetişdirdiyi insanlardır, “xan”ın hakimiyyətdə qalması və Naxçıvanda alayarımçıq aparılan islahatların qarşısının alınmaması üçün dəridən-qabıqdan çıxırdılar. Əgər yenə eyni kadrlar yerində qalacaqdısa, “xan”ın dəyişilməsinə nə ehtiyac vardı? Adam gül kimi kadrları seçib hakimiyyət orqanlarına yerləşdirmişdi də. Niyə onların içərisindən xüsusilə hansısa rayonun insanları seçilib önə çəkilməli idi?
Adamı məcbur edirsiniz ki, həmin "yaxşı kadr"ların bir vaxtlar hansı hoqqalardan çıxdıqlarını, necə məddahlıq etdiklərini bir-bir tapıb taplaşa. Onların ən yaxşı bacardıqları məddahlıq idisə, hansı təcrübələri ilə indiki canişin əfəndiyə xidmət göstərəcəklər? Yenə məddahlıqları iləmi? O zaman “xan”la canişin əfəndinin nə fərqi var?
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru