Nə ilkdir, nə də son: Zəhərlənmələrə yol açır - Ətin yararsız olduğunu bilmək üçün...

26-08-2023, 10:25           
Nə ilkdir, nə də son: Zəhərlənmələrə yol açır - Ətin yararsız olduğunu bilmək üçün...
Bəzən yediyimiz ət məhsullarının mənşəyi haqda məlumatsız oluruq. Zaman-zaman Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qidaya yararsız ətlərin aşkarlanması barədə ictimaiyyətə məlumat verir.

Məsələn, ötən günlərdə nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin polis əməkdaşları ilə birgə aparılmış reyd zamanı Ağcabədi rayonu, Aşağı Avşar kəndində vətəndaş Nəbiyev Elmir Kərim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib. Yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ hüquqi aktların tələblərinə cavab verməyən 150 kq istehlaka yararsız ət aşkarlanıb. Müayinələrin aparılması üçün ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edlib. Eyni zamanda istehlaka yararsız ət saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.

DİA.AZ-ın məlumatına görə, sözügedən mövzuyla bağlı qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Sherg.az”a açıqlamasında bildirib ki, at, uzunqulaq və ölmüş heyvanların ətinin satışının AQTA tərəfindən aşkarlanması ilk deyil:

“Görünür ki, belə halların qarşısını almaq çətindir. Bu işlə məşğul olan şəxsləri AQTA tapır, inzibati məsuliyyətə cəlb edir. Lakin belə işlərin kökündə duran müəssisələr bağlanmır. Mənbə, satıcı aşkarlansa da, artıq onlar əti müxtəlif qida hazırlayan restoranlara, iaşə obyektlərinə satmış olurlar. Əslində at ətindən istifadə düşünüldüyü qədər təhlükəli deyil. Lakin baytar nəzarəti olmadığından at ətinin kəsimi, saxlanması da düzgün şərtlər altında görülmür. Bu da qida zəhərlənməsinə gətirib çıxarır”.

Ekspert qeyd edib ki, insanlar bu kimi hallarda aldanmamalı və bir çox məqama diqqət etməlidir:

“Ətin rəngi qara, qoxusu ağırdırsa və şirə salıbsa, deməli istifadəyə yararlı deyil, təhlükəlidir. Baxan kimi aşkar etmək mümkündür. Sarımtıl rəngdə olur, çeynəmək mümkün deyil və ən əsası gec qaynayır. Əgər belə hal müşahidə olunsa, AQTA-ya müraciət etmək lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.