Ziya Məmmədov dostunu necə xilas etdi? - İDDİA
5-07-2016, 11:13
Xəbər verdiyimiz kimi, Bakıda bir müddət əvvəl «Xaliq Faiqoğlu» MMC-yə məxsus 18 nömrəli avtobusun fəaliyyətinə son qoyulmuşdu. Amma üstündən az müddət keçdikdən sonra avtobusun əvvəlki marşrutu üzrə hərəkəti bərpa edildi. Marşrutun bərpa edilməsini Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova da təsdiqlədi. Onun sözlərinə görə, hazırda 18 və 96 nömrəli marşrutlar yenidən işləyir. Avtobusların hansı səbəbdən xəttə buraxıldığı haqqında açıqlama verməyən mətbuat katibi adıçəkilən xətlərin sürücülərinə təlimatların verildiyini vurğulayıb. "Bizə 18 və 96 nömrəli marşrutlardan çoxlu şikayətlər daxil olur. Biz də bununla bağlı sürücülərə xəbərdarlıq etmişik", - deyə Nuridə Allahyarova bildirib. Qeyd edək ki, 16, 18 və 96 saylı marşrutlar iyunun 9-da xətdən çıxarılmışdı. Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə, tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xətdən çıxarılmışdı. Məlumat üçün demək istəyirik ki, «Xaliq Faiqoğlu» MMC şirkətinin adı tez-tez xoşagəlməz hadisələrdə çəkilir. Məsələn, bir müddət əvvəl MMC məhkəməyə verilib. Buna səbəb MMC-yə məxsus 49 saylı marşrutun “Mercedes” markalı avtomobillə toqquşması və nəticədə bir ailənin 2 üzvünün ağır dərəcəli xəsarətlər alması olub. Hadisə Komsomol dairəsində baş verib. Belə ki, üzü şəhər istiqamətində hərəkət edən 02 DX 818 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil marşrut tərəfindən vurulub. Qəzada avtomobilin sürücüsü Elşən Hüseynov kəllə beyin travması alıb. Bundan əlavə üst dodağı deşilib, sol göz almacığı və burnu qırılıb. Həyat yoldaşı isə onurğa sütunun zədələnməsi ilə müşayiət olunan bədən xəsarətləri alıb. Bu barədə zərərçəkənlərin vəkili Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, baş vermiş faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb və E.Hüseynov zərərçəkən şəxs kimi tanınıb. Lakin ailəyə dəyən ziyan ödənilmir. S.Vəkilov onu da bildirib ki, araşdırmalar zamanı 49 saylı marşrutun fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilib: “Marşrut fəaliyyəti zamanı qanunla müəyyən edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” Qaydaları haqqında Nazirlər Kabinetinin qərarına əməl etmədən fəaliyyət göstərir. “Xaliq Faiqoğlu” MMC-nin fəaliyyətini bir az araşdırmışıq. Məlum olub ki, bu, qurumun tərkibində fəaliyyət göstərən sürücülərlə bağlı ilk belə hadisə deyil. Onlar davamlı olaraq qəza törədirlər, sonra da belə laqeyd münasibət göstərirlər». Gundelik-baku.com-un araşdırmaları göstərir ki, 18, 22, 27, 37, 49, 52, 53, 54, 57, 61, 65, 76, 79, 85, 119, 188, 199 saylı xətt üzrə hərəkət edən avtobuslar MMC-nin rəhbəri Faiq Seyidovun rəhbərliyi altında fəaliyyət göstərən şirkətə məxsusdur. Bizə çatan məlumatlara görə, Faiq Seyidovun şirkətində müxtəlif qanun pozuntuları mövcud olsa da, onun nazir Ziya Məmmədovla yaxın əlaqələri həmin nöqsanların ört-basdır edilməsinə imkan verir: «Faiq Seyidova məxsus şirkətin fəaliyyətini dayandıracağı, şirkətə məxsus marşrutların isə «Bakubus»a veriləcəyi gözlənilirdi. Amma son anda nazir Ziya Məmmədov buna imkan vermədi və dostunun şirkətini ayaqda saxlaya bildi. Nazirin himayəsi altında fəaliyyət göstərən şirkət rəhbəri bu günlərdə “Xaliq Faiqoğlu” MMC-nin avtobusları üçün yeni təmir mərkəzini istifadəyə verib. Bu mərkəzin tikinti işlərinə külli miqdarda vəsait sərf olunub. Aidiyyəti dövlət qurumlarının rəsmiləri şirkətdə yoxlama aparsalar görərlər ki, vergidən yayındırılan vəsaitlərin həcmi milyonlara bərabərdir. Şirkətə yeni götürülən sürücülərlə əmək müqaviləsi bağlanmır, onların işləməsinə görə dövlətə sosial sığorta haqqı ödənilmir. Bu isə böyük məbləğdə vəsaitin büdcədən yayındırılması deməkdir». Bu arada, onu da vurğulamaq yerinə düşərdi ki, iş adamı Faiq Seyidovun oğlu Xaliq Seyidov bir müddət əvvəl idarə etdiyi bahalı maşınla yolu keçən piyadanı vuraraq öldürüb. Və hadisə yerindən qaçıb. Buna baxmayaraq, biznesmenin oğlu bu günə kimi hələ də məsuliyyətə cəlb olunmayıb. Bu ölüm işi ilə bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyik.