Xəstənin sağlam ayağını kəsən cərrah: "Səhvsiz adam olmur"
5-07-2016, 11:42
Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzində xəstənin ayağının yanlışlıqla kəsilməsi hadisəsi barədə müvafiq qərar verib.
Qərara əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski və həkim-cərrah Valeh Kərimov işdən kənarlaşdırılıblar.
teref.az bildirir ki, Nazirliyin qərarı ilə bağlı modern.az-a danışan V.Kərimov səhvsiz insanın olmadığını deyib:
"Mənim işim davam edir. Hələ ki araşdırma gedir, sonrasına da Allah kərimdir. Əgər səmimi danışsaq, həyatda səhvsiz insan olmur.
Mən rəhmətlik Fərman Salmanovla birgə işləmişəm. O vaxt quyular qazıldı, neft çıxmadı, amma axırıncı quyudan neft çıxdı. Həyatdır, sınaq meydanıdır, hər şey ola bilər".
Həkim: "Mən sağlam ayaq kəsməmişəm, fakt hər iki ayaq xəstə olub", - deyərək bir daha özünə haqq qazandırmağa çalışıb.
Xatırladaq ki, iyunun 24-də Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində vətəndaş Məmmədova Tərlan Həsən qızı üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Əməliyyatı zamanı mərkəzin həkim-cərrah Valeh Kərimov xəstənin sol aşağı əvəzinə, kobud səhv edərək sağ aşağını amputasiya edib. Əməliyyatdan sonra həkim mexaniki olaraq səhv etdiyini açıqlayıb.