“Azər Türk Bank”ın rəhbərliyi “Çudo Peçka”nı Cəlilovlardan aldı?
6-07-2016, 08:47
Müxtəlif banklara külli miqdarda borcu olan "Çudo Peçka”nın başı üzərindən qara buludlar çəkilmir. Şirkətin müxtəlif banklara 20 milyondan çox borcu olduğu barədə şayiələr gəzir. Məlumatlara görə, Cəlilov qardaşları bizneslərini xilas etmək və böhrandan çıxmaq üçün cəhdlər göstərsə də bu səylər heç bir nəticə verməyib.
Legion.az-a daxil olan məlumata görə, Cəlilov qardaşlarına məxsus olan şirkət artıq "Azər Türk Bank”ın mülkiyyətinə keçir. Belə ki, bu günlərdə "Bank Standard”dan "Çudo Peçka”nın kredit haqlarını alan "Azər Türk Bank” rəhbərliyinin artıq "hərəkətə keçdiyi” bildirilir. Mənbə vurğulayır ki, artıq iki gündür "Çudo Peçka” restoranları başqa iş adamının əlindədir. Mənbə tərəfindən bildirilir ki, yeni kreditor olan "Azər Türk Bank”ın idarəetməni həvalə etdiyi yeni rəhbərlik göstəriş verib: "Bu obyektlərdə Cəlilovların idarəçiliyi dövründən qalma heç bir əlamət qalmasın və restoranlar yeni üslubda qurulsun, yeni qaydalarla işləsin”. Bu arada o da məlum olub ki, Cəlilovlar külli miqdarda borc üzündən ölkədən getməyə hazırlaşırlar.
Onlar əllərində olan biznes obyektlərini və daşınmaz əmlakları dəyər-dəyməzinə satmaq niyyətindədirlər. Bu məlumata aydınlıq gətirmək üçün, iyulun 5-də dəfələrlə "Çudo Peçka” Mağazalar Şəbəkəsinin sahibi Çingiz Cəlilovla əlaqə saxlamağa çalışdıq. Hətta zəngimizə cavab vermədiyini görüb, Çingiz Cəlilova SMS yazaraq "Qafqaz Xəbər Agentliyindənik, 1-2 sualımız olacaq” deyə zəngə cavab verməsini xahiş etdik. Lakin cəhdlərimiz nəticəsiz qaldı…
"Azər Türk Bank”ın mətbuat katibi Nəsimi Cəfərov isə Legion.az-a bildirdi ki, məlumatı dəqiqləşdirib tezliklə bizə zəng edəcək. Lakin N.Cəfərovdan redaksiyamıza heç bir zəng gəlmədi. Gün ərzində özümüz də dəfələrlə "Azər Türk Bank”a zəng etdik, lakin operator xanım bir dəfə "Nəsimi müəllim yerində yoxdur”, bir dəfə də "İclasdadır” dedi.
Üçüncü dəfə isə bankın operatoru bizə "Nəsimi müəllimin zənglərə cavab vermədiyini” bildirdi. Beləliklə, hər iki tərəfin münasibətini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Lakin çox maraqlıdır, əgər redaksiyamıza daxil olan məlumatda həqiqət payı yox idisə, "Azər Türk Bank” rəsmisi sadəcə bir cümlə ilə məlumatı təkzib edə bilməzdimi? Xatırlatmaq istərdik ki, biz banklarla bağlı bundan əvvəl də araşdırmalar aparmışıq. Əksər hallarda bankların mətbuat xidmətlərinin rəhbərləri, PR menecerləri bizimlə vaxtında danışmaq istəməyib, lakin yazılar dərc olunduqdan sonra, aramsız zənglər və sərt bəyanatlarla bizi qeyri-obyektivlikdə ittiham ediblər. Müstəqil mətbuat olaraq, biz də öz növbəmizdə bildiririk ki, bəzi mətbuat katiblərinin qeyri-peşəkarlığından təngə gəlmişik. Legion.az olaraq, araşdırmaq istədik, əgər həqiqətən də, "Azər Türk Bank” sözügedən restoranlar şəbəkəsinin borclarını alıbsa, dərhal rəhbərliyi dəyişmək və şirkəti mənimsəmək, yaxud da başqasına satmaq nə dərəcədə qanunidir?
İqtisadçı-alim Nazim Bəydəmirli bildirdi ki, müəyyən bir şirkətin borclarını alan bank "yeni kreditor” adlanır. "Yeni kreditorun ata biləcəyi addımlar isə Mülki Məcəllədə əksini tapıb. İdarəetmə və ya şirkətin başqasının mülkiyyyətinə keçməsi ancaq məhkəmə qaydasında ola bilər. Bankın ancaq borcu tələb etmək hüququ var. O zaman da, yeni kreditor məhkəməyə müraciət etməlidir. Və yaxud da, bankla borclu arasında müəyyən razılaşma olubsa, o zaman şirkət rəhbərliyində və idarəetməsində hansısa dəyişiklikdən söz gedə bilər”, – deyə N.Bəydəmirli əlavə etdi.
Hüquqşünas Samir İsmayılov bildirdi ki, ilk növbədə həmin borc müqaviləsi və digər sənədlər aidiyyatı olan qurumlar tərəfindən araşdırılmalıdır. "Hətta söhbət səhmlərin girov qoyulmasından gedirsə belə, məhkəmə predmeti olacaq hansısa yeni məqamlar ortaya çıxa bilər. Məsələnin mahiyyətinin nədən ibarət olduğunu bilmədən, fikir yürütmək çətindir. Lakin bank və borclu arasındakı münasibətlər qanun çərçivəsində tənzimlənməlidir”, – deyə S.İsmayılov əlavə edib. Araşdırmamız davam edir.