Qarabağ müharibəsi əlilinin evi zəbt edilib
6-07-2016, 10:03
Qaçqınlıq statusu oln şəxs Ilham Əliyevdən kömək istəyir
Prezident Ilham Əliyev, Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, “Qaçqınkom” sədri Əli Həsənova müraciət edən Qarabağ müharibəsi əlili Zahid Qəribov “Azadlıq”a məktub göndərib. Bakının Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 734-də yaşayan Qərbi Azərbaycandan qaçqın düşən şəxs deyir:
“Mən Qarabağ müharibəsində əlil olmuşam. Torpaqlarımızın müdafiəsi uğrunda yaralandığımı nəzərə alaraq mənə 22 fevral 1995-ci ildə Baknıın Səbail rayonu icra hakimiyyəti başçısının sərəncamına əsasən sahəsi 14,0 kvm olan 93 saylı evin 85-ci mənzili sığınacaq kimi verilib. Lakin həmin mənzil Füzulidən məcburi köçkün düşən Zəhra Quliyevanın ailəsi tərəfindən zəbt edilib. Səbail rayon məhkəməsinin 18 fevral 1997-ci il tarixli qərarına görə, onun ailəsinin mənə məxsus mənzildən çıxarılmasının Füzuli rayonunun işğalçılardan azad edilənədək dayandırılması qət edilib. Hazırda mən dörd nəfər ailə üzvümlə küçələrdə qalmışam. Maddi imkansızlıqdan kirayə haqqı ödəyə bilmirəm. Səhhətim də buna imkan vermir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların güzəştli siyahısına görə, Səbail rayon icra hakiminin 14 mart 2006-cı il tarixli sərəncamına əsasən, mənzil növbəsinə dayanmışam. Lakin 10 il ərzində mənzillə təmin edilməmişəm və bu mövqenin yaxın gələcəkdə də olduğu kimi qalacağını güman edirəm. Ona görə də bir vətəndaş kimi dövlət başçısına üz tuturam. Qaçqın düşmüş, Qarabağ müharibəsi əlili kimi bizə kömək edilməsini ailəmiz adından xahiş edirik”.