2 yaşa qədər uşaqları dənizə salmayın — PEDİATRDAN XƏBƏRDARLIQ
6-07-2016, 17:32
teref.az aile.lent.az-a istinadən pediatr Günay Rəsulovanın məqaləsini təqdim edir
Dəniz mövsümü başlandı. Yayda uşaqların ən çox əyləndiyi, amma bir o qədər də zərər gördüyü yer dəniz və ya hovuzlardır. Tez-tez görülən dəniz xəstəlikləri bunlardır:
- Qulaq infeksiyaları
- Sidik yolu infeksiyaları
- Göbələk xəstəlikləri
- Sinusitlər
- Mədə bağırsaq infeksiyaları
- Parazitar xəstəliklər
- Entamöba, Lyambliya (Giardia)
- Göz xəstəlikləri
- Dəri yanıqları və s.
Qulaq infeksiyaları - xarici və ya orta qulaq iltihabının əlamətləri bunlardır: qulaqda qaşınma, ağrı, pis qoxulu ifrazat, qızdırma kimi şikayətlər varsa, mütləq həkimə müraciət edilməlidir.
Sidik yolu infeksiyaları, xüsusilə qız uşaqlarında islaq çimərlik geyimlərində qalmaq və ya su kənarında yerə oturaraq, uzun müddət oyun oynamaq mikrobların asanlıqla sidik yollarına qalxmasına şərait yaradır. Əlamətləri - ağrılı və tez-tez sidiyə getmə, qarında ağrı, ürəkbulanma, qusma, iştahsızlıq, halsızlıq, qızdırma.
Göbələk infeksiyaları dəri, saçlı dəri və dırnaqlarda görülür. Yoluxucudur. Qaşınma, qızarıqlıq, bəzən ağ qabıq ola bilir.
Sinusit və burun tıxanıqlığı həm hava-damcı infeksiyası kimi, həm də hovuzlarda istifadə edilən xlora bağlı allergik uşaqlarda görülür.
Göz xəstəlikləri - bakterial konyuktivit xlora bağlı kimyəvi və günəş şüasına bağlı konyuktivitə rast gəlinir.
Mədə bağırsaq infeksiyaları: virus mənşəli - Rotavirus, nörovirus, enterovirus, Hepatit A virusa bağlı, bakterial - Salmonella, Şigella, E.coli-yə bağlı və parazitar - lyambliya, entamöba kimi parazitar xəstəliklər ola bilər. Əlamətləri: qızdırma, qusma, ishal, halsızlıq və s.
Bu xəstəliklərindən uşaqları necə qoruyaq?
- Yetərli dezinfeksiya olunduğu və bakterioloji analizdən keçirilmədiyini düşündüyünüz sularda uşaqları çimizdirməyin
- Qulağa vazelin və ya qliserin yağı ilə isladılmış pambıq tıxac taxın
- Uşaqları suda su udmayacaq şəkildə tutun, əgər böyük uşaqdırsa, su udmaması üçün ciddi göstəriş verin
- Gözü qorumaq üçün dəniz gözlüklərindən və şapkadan istifadə edin
- Dənizdən çıxdıqdan sonra dərhal uşaqları təmiz su ilə çimizdirin
- Uşaqları dənizə çılpaq deyil, tez quruyan parçalardan olan çimərlik paltarları ilə salın
- 2 yaşa qədər uşaqları dəniz və ya hovuza salmayın
Bu tövsiyələrə ciddi riayət edərək, gözəl yay günlərində hər birinizə xoş istirahət arzulayıram. Sağlam olun.