Avtovağzalda sıxlıq və qiymət artımına RƏSMİ CAVAB

7-07-2016, 12:49           

Hər il olduğu kimi bu dəfə də bayram günləri Bakı Beynəlxalq Avtovağzalında sərnişin sıxlığı müşahidə edilib. Sərnişinlər bu dəfə də avtobusların sayının az olması səbəbindən saatlarla avtovağzalda gözləməli olublar. Hətta əvvəldən bilet alan sərnişinlər belə biletlərində göstərilən saatda avtobusa minə bilmədiklərindən şikayətlənib. Bu il yenə də bayram sıxlığını fürsət bilən bəzi işbazlarda qiymətləri artırıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı Publika.az-a açıqlamasında bildirib ki, Ramazan bayramı günlərində Bakı Beynəlxalq Avtovağzalının xidmətlərindən istifadə edən sərnişinlərin sayı gözləniləndən 5-6 dəfə çox olub. Onun sözlərinə görə, bayramdan bir gün əvvəl 500-dən çox reyslə 13 mindən çox sərnişin yola salınıb. Bayram günü isə sərnişinlərin sayı 18 mindən çox olub ki, bu da gözləniləndən dəfələrlə çoxdur. Ayrılan əlavə 200 avtobusun hamısı xətdə buraxılıb.

Ş.Mehmanqızı avtovağzalda yaranan sıxlıq və avtobus çatışmazlığına da aydınlıq gətirib: “Biz əvvəldən sərnişinlərə müraciət etmişdik ki, sərnişinlər biletlərini bir neçə gün öncədən alsınlar. Təəssüf ki, sərnişinlər məhz yola düşəcəkləri saatda gəlib və bilet olmamasından şikayətlənirlər. Yaxud da məhz ön sırada oturmaq istəyirlər və bilet tapmayanda bunu problem kimi təqdim edirlər. Lakin bayram günləri müraciət edən heç bir sərnişin avtovağzalda qalmayıb, onlar hamısı yola salınıb. Problemi yaşayan əvvəldən bilet almayanlar olub”.

Əvvəldən bilet alan sərnişinlərin avtobus tapa bilməməsinə gəldikdə, Ş.Mehmanqızı bildirib ki, həmin sərnişinlər tez gəldiklərindən biletlərində göstərilən saatda deyil, daha tez getmək istəyiblər. Ona görə də, narazılıq yaranıb.

DANX-nin sözçüsü sərnişin sıxlığını nəzərə alaraq bəzi avtobus sürücülərinin qiyməti artırmasından xəbərdar olduqlarını da dedi: “Bu günlərdə bəzi sürücülərin süni qiymət artımına yol verməsi barədə şikayətlər daxil olub. Təəssüf ki, bəzi işbazlar sərnişin sıxlığını fürsət bilib. Lakin bir çox hallarda sərnişinlər özləri buna imkan yaradır. Avtovağzala daha tez gələnlər bilet almağa vaxt sərf etmədən 1 manat baha qiymətə, tez getməyə razı olurlar. Lakin avtovağzal rəhbərliyi bu halların da qarşısını almaq üçün daim nəzarət edir. Sadəcə bayram günləri işləyən avtobusların bəziləri özəl şirkətlərdən müvəqqəti müqavilə ilə sifariş edilib. Bir avtobusda bilet baha satıldığına görə, həmin şirkətin bütün avtobuslarını xətdən çıxara bilmirik. Bu zaman bütün reyslərdə gecikmə və sıxlıq olar ki, bu da daha ciddi problem deməkdir. Ona görə də bu hallarla bağlı şirkət rəhbərliyinə məlumat verilib. Həmin sürücülər barədə lazımı tədbirlər görüləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.