“Maşın bazarı”nda zərərçəkənlərə kompensasiya verilməyəcək
7-07-2016, 22:29
Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı”nda baş verən güclü yanğından 6 gün ötdü. Amma yanğın nəticəsində sahibkarlara dəymiş zərər hələlik müəyyənləşdirilməyib. Mağazalar sığorta olunmadığından sahibkarlara kompensasiya da ödənilməyəcək.
Hazırda yanğın olan ərazidə polis növbə çəkir, həmin əraziyə heç kim buraxılmır. Qeyd edək ki, ərazi hələ təmizlənməyib. Zərərçəkmişlər isə hər gün bazara gələrək cavab gözləyirlər.
“30 ildə yığdığım var-dövləti bir gecədə itirdim. 191 min dollarlıq malım yandı. Yanğından bir neçə gün əvvəl Çindən, Ukraynadan maşın ehtiyatları alıb gətirmişdilər. 5 qutu bağlı idi. İndi dərman almağa pul tapmıram”.
Bunu mağazası yanmış, I qrup müharibə əlili İsi Həsənov deyir.
Onun sözlərinə görə,10-a yaxın sahibkara 150-300 min manat arası zərər dəyib. “Bütün sığorta şirkətlərinə müraciət etmişdik, amma onlar bazarı sığortalamaqdan imtina etdilər. Bir-birinə bitişik, köhnə mağazaları kim sığorta etmək istəyər ki?”, -deyə zərərçəkmiş söyləyib.
Sahibkarlar dəymiş zərərin siyahısını bazar rəhbərliyinə təqdim ediblər. Rəhbərlik isə istintaqın yekunlaşmasını məsləhət görüb. “Bizə kompensasiya verilib-verilməyəcəyini bilmirik. Buna görə də, ölkə rəhbərliyinə, Milli Məclisə müraciət etmişəm. İki ayağım kəsilib, həyat yoldaşım əlildir. Biz dərman olmadan yaşaya bimirik. Heç olmasa, istintaq yekunlaşana qədər bizə köməklik etsinlər. Yoxsa dilənməyə məcburuq”, - zərərçəkmiş deyir.
Digər zərərçəkmiş Məhəbbət Məmmədov da kompensasiyadan ümidini kəsib. Onun sözlərinə görə, 35 min manat zərər çəkib. Lakin heç kim kompensasiya haqqında danışmır: “Heç olmasa, mağazalar təmir edilib bizə verilərdi. Bazar rəhbərliyi 1 il icarə pulu almasa yenidən işləyə bilərdik”.
Zərərçəkmiş Arif Həsənov isə deyir ki, hadisə yerinə çatanda mağazası yanmamışdı. Malları çıxarmaq istəsə də, təhlükəsizliyə görə əraziyə buraxılmayıb: “Bankdan kredit götürüb mal vurmuşuq. İşləyib krediti qaytarırdıq. İndi vəziyyətimiz necə olacaq? Hələlik gözləməyi məsləhət görürlər. Hadisədən sonra çoxları xəstəlik tapıb”.
Yanğın digər sahibkarları da qorxuya salıb. Çoxları sığorta üçün müraciət etsə də, müsbət cavab almayıblar. Sahibkarlar deyirlər ki, bazarda təmir işlərinin aparılması təklif edilib. Lakin rəhbərlik bununla razılaşmayıb. “Xoşbəxtlikdən yanğın mənim mağazama keçməyib. Amma qorxuruq, mağazalar bir-birinə bitişik olduğundan təhlükəsizlik tədbirləri görmək mümkün deyil”, - deyə sahibkarlardan biri söyləyib.
Sahibkarlar onu da bildirirlər ki, bazar bərbad gündə olsa da, icarə haqqı bahadır. Elə mağaza var ki, ayda 800 manata icarəyə verilib. Amma 1000-4000 manat arası icarə verən də var. Hazırda bazarda 500-dən çox mağaza işləyir.
Qeyd edək ki, iyulun 1-də gecə saatlarında “Maşın bazarı”nda yanğın baş verib. Yanğın nəticəsində 930 kvadrat metr ərazi külə dönüb. Yanğın əsasən bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verib.
Virtualaz.org