“O, həbsini qanunsuz sayır və azadlığa çıxmaq istəyir” – Oqtay Gülalıyev
8-07-2016, 13:29
“İyunun 30- da müəmmalı şəkildə həbs olunan Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu 9 gündür qanunvericiliyin tələblərinə zidd olaraq DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham olunan jurnalist haqqında iyulun 2-də Nərimanov rayon məhkəməsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Cinayət Prosessual Məcəlləsinin (CPM) 157-ci maddəsinin 3-cü bəndinə görə məhkəmə tərəfindən haqqında həbs qətimkan tədbiri seçilən şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Bəzi mətbuat orqanları jam.az redaktorunun həbsinin onun vəzifəli şəxslər haqqında yazdığı sərt tənqidi yazılarla bağlı olduğunu bildirirlər”.
Bunu hüquq müdafiəşisi, Milli Şuranın üzvü Oqtay Gülalıyev feysbukda yazıb.
O, Fikrət Fərəməzoğlunun həbsini qanunsuz hesab edir: “Fikrət Fərəməzoğlu həbs olunarkən məhkəmə qərarı olmadan onun evində qanunsuz axtarış aparılması, yaşadığı mənzildən ona aid sənədlərin, yazıların, disklərin, komyuterin götürülməsi, bu günə qədər DİN BMCQMİ- də saxlanması olayın arxasında siyasi çalarların olduğunu deməyə əsas verir. Jurnalistin lazımi zəruri hüquqi xidmətdən məhrum edilməsi, yaxınları tərəfindən tutulmuş vəkilin onunla görüşünə maneçilik törədilməsi, çətinliklə baş tutan görüşün konfidensial deyil, müstəntiqin otağında reallaşması, eləcə də müəmmalı şəkildə F. Fərəməzoğlunun müdafiəçidən imtina etməsi bu şəxslə bağlı müəyyən planların cızıldığını göstərir.
Jurnalistin polis idarəsində zorakalığa və işgəncələrə məruz qalmadığı, eləcə də vəkildən məcburən və təhdidlə imtinaya məcbur edilib edilmədiyi məlum deyil.
Qeyd edək ki, son zamanlar tanınmış şəxslərin, ictimai- siyasi fəalların müəmmalı şəkildə həbs olunması, onların uzun müddətə polis və təhlükəsizlik qurumlarında gizlədilməsi, işgəncələrə məruz qalması, vəkildən məhrum edilməsi, məhkəməyə çıxarılmaması və ya gizli çıxarılması Azərbaycan reallığında geniş yayılmaqdadır. Bütün bunlar çox təhlükəli hallar olmaqla qanunvericiliyə ziddir. Pis presedent yaratmaqla eybəcər və təhlükəli bir ənənənin əsasının qoyulmasıdır. Buna imkan vermək olmaz. Biz bu təhlükəli və qanunsuz hərəkətləri ilahiyyatçı alim Hacı Taleh Bağırzadənin həbsi zamanı ona DİN BMCQMİ- də sərgilənən münasibət zamanı gördük”.
“Bu qanunsuzluğa göz yummaq olmaz. Fikrət Fərəməzoğlunun jurnalist həmkarları və digər aidiyyatı qurumlar ona qarşı irəli sürülən ittihamlara aydınlıq gətirilməsi, onun fundamental hüquqlarının müdafiə olunması, vəkillə təmin edilib istintaq təcridxanasına köçürülməsi üçün mövzunu diqqətdə saxlayıb gərəkən addımları atmalıdırlar. Son anda aldığımız məlumata görə Fikrət Fərəməzoğlu həbsindən apellyasiya şikayəti verib. Bu o deməkdir ki, o, həbsini qanunsuz sayır və azadlığa çıxmaq istəyir”, – o bildirib.
Arqument.Az