İlahiyyatçıdan mübahisə yaradacaq müsahibə: “Adəm Peyğəmbər deyil və “Mercedes” kimi yaradıldı”
9-07-2016, 10:01
“Qurani-Kərim”də qeyd olunur ki, göylərin, yerin və başqa varlıqların yaranışından sonra Allah-təala onların ən üstününü, ən şərəflisini, yəni insanı yaradaraq onu özünə yer üzündə xəlifə və canişin seçdi: (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:) ” Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.
Allah və mələklər arasında olan bu müxtəsər söhbətdən sonra Allah taala Adəmi, bəşəriyyətin atasını və insan növünün yaranışını başladı. Quranda qeyd olunur ki, Allah insanı gildən yaratdı, sonra öz ruhundan ona üfürdü, onun ardınca mələklərə ona səcdə etməyi əmr etdi və onlar da İblisdən başqa hamılıqla səcdə edərək Allahın fərmanına öz tabeliklərini bildirdilər. Təkcə İblis, Adəmə qarşı olan həsəd və təkəbbürün nəticəsində, Allahın əmrindən boyun qaçıraraq Qiyamət gününə qədər Allah dərgahından qovuldu. Adəm, bəşəriyyətin atası yarandıqdan sonra onun yaşayışın davamı üçün bir sıra ehtiyacları var idi. Allah bunları hikmət üzündən onun vücudunda xəlq etmişdi və bu qüvvələr insan üçün yeni-yeni ehtiyaclara səbəb oldu. Başqa bir tərəfdən bu əhəmiyyətli xilqətin məqsədi təkcə Adəm deyildi. Bəlkə Allah bu növün təqvalı və ixlaslı bəndələrində olan həqiqi qiymətini mələklərə göstərmək üçün onun nəslinin artmasını istədi. Bu istəyin reallaşması üçün həmin növdən olan başqa bir vücuda ehtiyac duyuldu və insan nəsli bu iki vücuddan artdı. Adəmin təklikdən əziyyət çəkməsindən əlavə onun qəlbinin sakitliyi və canının rahatlığı üçün özünə həmsöhbət istəyirdi. Buna görə də Allah- təala Adəmin xilqətindən artıq qalmış gildən Həvvanı yaratdı və onun bədəninə ruh üfürdü.
Eyni ilə Adəm kimi onun yaranışını kamilləşdirdi. İnsan övladının artımı isə elə məhz bu məqamdan, Adəmlə Həvvanın yaradılışından sonra bir çoxlarımız üçün böyük bir sual altında qaldı. Adəmlə (ə) Həvvanın nəslinin artıb-çoxalması barədə mümkün nəzəriyyələr içində ikisi üstünlük təşkil edir. Birinci fikrə görə, Adəm (ə) Həvvanın hər dəfə biri oğlan, o biri qız olmaqla əkiz uşaqları doğulurdu. Adəm (ə) belə bir qayda qoymuşdu ki, oğullarından hər biri o biri qardaşla əkiz doğulmuş qızla evlənirdi. O zamanlar nəsil artırmağın başqa yolu olmadığı üçün Allah bu cür evliliyə icazə veribmiş və oğlana öz qardaşının əkiz-tay bacısı məhrəm sayılmırmış. Deyilənlərə görə, yer üzündə ilk qətl hadisəsinin səbəbi də elə bu olubmuş.
Bu qaydaya görə, Qabil Habilin əkiz tayı ilə, Habil isə Qabilin əkiz tayı ilə evlənməli imişlər. Amma Qabil öz əkiz-tay bacısını istəyirmiş. Bu üzdən qardaşı ilə mübahisə edib öldürübmüş. İkinci nəzəriyyəyə görə, Allah Adəmin (ə) hər oğlu üçün bir huri (dişi cin) yaratmış və onların izdivacından insan nəsli törəmişdi. Və yaxud insanlardan əvvəl də yer üzündə şüurlu canlılar yaşamış, sonra onlar Allahın hökmü ilə məhv olub, yerinə Adəmlə (ə) başlayan indiki insanlıq vücuda gəlmişdir. Həzrət Adəmin (ə) oğulları da özlərindən əvvəlki canliların dişiləri (qadınları) ilə evlənmişlər. Bu nəzəriyyələrin hər ikisinin etiraza layiq cəhətləri var. Birinci nəzəriyyəyə etiraz edənlər deyirlər ki, Allahın haramları hər zaman haram olmuşdur. Bacı ilə evlənmək çirkin işdir, həm də edama layiq olan günahdır. Hansı şəraitdə olursa-olsun bacı ilə evlənmək haramdır və zinadır. Elə isə, əvvala, Həzrət Adəmin (ə) bu cür izdivaca icazə verməsi inandırıcı deyil.
İkincisi, bu halda bütün bəşəriyyəti zinadan və haramdan doğulmuş saymalıyıq. İkinci nəzəriyyədə bu problem həll olunub, amma əvəzinə başqa problem yaranır. Əgər Adəmin (ə) oğulları hurilərlə və ya başqa növ canlılarla evləniblərsə, demək, bəşəriyyət yalnız insanlardan deyil, insanlarla hurilərin qarışığından törəyib. Deməli, hər kəsin fitrətində qeyri-insanı köklər də var. Bu isə nə dönə-dönə insana müraciət edən, onun başqa canlılardan fərqini ön plana çəkən Quran ayələrinə, nə də ümumilikdə İslam məntiqinə uyğun gəlir. Bu barədə mövzunu şərh edən ilahiyyatçı Elşad Miri qeyd edib ki, Adəmlə Həvva sadəcə olaraq prototiplərdir: “Allah Adəmlə Həvvanı yaradanda onlar prototip olublar və ümumiyyətlə Qurani Kərimdə Həvvanın adı çəkilmir. Quranda Adəm sözü isə şəxs olaraq, bəzən isə insan övladı olaraq çəkilir. Bundan başqa Quranda Adəm peyğəmbər sözü də işlədilmir. Hərçənd ki, çoxları Adəm peyğəmbər deyirlər. Dünyada ilk olaraq, prototip olaraq Adəm Həvva yaradılır. Onların ilkindən sonra onlar kimi Adəmlər və Həvvalar da yaradılır. Onların da birliyindən nəsil artımı olur. Elmin özünün də bu gün gəldiyi nəticə budur ki, bir nəfərdən 4 qan qrupunun, daha dəqiq müsbət və mənfi rezusları da nəzərə alsaq 8 qan qrupunun meydana gəlməsi mümkünsüzdür. Bundan başqa Allah insanı torpaqdan yaratdığını qeyd edir. Qurani-Kərimdə də bu öz əksini tapıb ki, indiki insanlar da torpaqdan yaradılıb. Bu o demək deyil ki, elə torpaqdan insan düzəldiblər, o da başlayıb robot kimi hərəkət etməyə. Mənşə etibarilə torpaqdan yaradıldığı nəzərdə tutulur. İnsanların qidalandığı nemətlərin hamısı torpaqla əlaqəlidir və torpaqda yetişir. Torpaqdan yetişən məhsulları da insanlar qəbul edir və son olaraq da insan torpağa dönür. Yəni eyni bu qaydada olaraq çox şeylər bu gün təhrif edilərək cəmiyyətə təqdim edilir. Bu da deyərdim ki, böyük fəsadlarla nəticələnir. Bu fəsadlar ki, insanlar artıq yaradılışın bacı-qardaş münasibətləri üzərindən qurulduğunu zənn edirlər. Habillə Qabil də Qurani-Kərimdə Adəm övladı olaraq qeyd edilib. Orada Adəm insan olaraq nəzərdə tutulub, yəni insan övladı. Bu fərqli insanlar olaraq qeyd edilib. Yəni diqqət yetirsək nə Qurani-Kərimdə, nə də Peyğəmbərin hədislərində bacı-qardaşdan doğulub törənən ifadəsi, fikrləri yoxdur. Bu sadəcə olaraq uydurulmuş, fitnə-fəsad üçün buraxılmış şaiyələrdir”.
– O zaman sizin dediklərinizdən belə nəticəyə gələ bilərik ki, Adəm və Həvva ilk yaradılmış prototip olduğu üçün onlardan bəhs edilir və Adəmlə Həvva qismində Adəmlə Həvvalar yaradılıb?
-Bəli, əlbəttə. Gəlin daha “net” şəkildə izah edim. Tutalım bu gün Mercedes firması yeni bir maşın ixtira edir. Ondan yalnız bir dənə prototip düzəldir. Sonradan isə onun eynisindən istehsalata başlayırlar. Digər yaradılanlar isə Allahın ilk Adəmi, ilk Adəm övladını yaratdığı üçün Allaha səcdə edirlər.
– Belə bir məqam var, bu bacı-qardaş münasibətləri hədislərdən gəlib bu günümüzə çıxıb. Hədislər isə sünni ruhanilərin söylədikləridir. Bildiyimiz kimi sünni ruhanilərin günümüzə gəlib çatan ifadələri hədis, şiə ruhanilərin söylədikləri isə Əxbar adlanır. O zaman belə nəticəyə gələ bilərik ki, bacı-qardaş münasibətlərinin hədislərdə bəhz edilməsi sünni təriqətinin yaydığı bir şaiyədir…
– “Belə şayiələr sünnilərdə də var, şiələrdə də. Yəni tək bir təriqətdə deyil bunlar. Hədis üçün əsas meyar o olmalıdır ki, Qurani-Kərimdə öz əksini tapsın və Peyğəmbərə istinad edilsin. Yoxsa bəzi din xadimləri var ki, Qurani-Kərimdə öz əksini tapmayan şayiələri Peyğəmbərə istinad edərək hədis edir və beləcə yalan şaiyələrin əsası qoyulur”.