Baş nazirin müavininin sabiq köməkçisi azadlığa buraxıldı
9-07-2016, 11:13
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseynin vaxtından əvvəl azadlığa buraxılması barədə Nizami rayon Məhkəməsində vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin edərək, onu cəzasının çəkilməmiş hissəsindən azad edib. Həmin qərarla razılaşmayan dövlət ittihamçısı isə apellyasiya şikayəti verib.
Şikayətə iyulun 12-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Aparılmış istintaqla müəyyən edilib ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin həmin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla nail olmaq niyyətində olduğunu və rüşvət vermədə vasitəçi axtardığını bilən yaxın ünsiyyətdə olduğu baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi pul vəsaitini ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edib. O, E.Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.
V.Hüseyn cinayəti törədəndən sonra E.Abdullayevin ona qarşı edilən təzyiqlər nəticəsində sonuncuya vətəndaşlar Ənvər Əhmədovun, Əyyub Əzizovun və qeyrilərinin iştirakı ilə 2010-cu ilin aprelində ümumilikdə 600.000 ABŞ dolları məbləğində pulu nağd şəkildə qaytarıb, 19 avqust 2011-ci il tarixdə isə Kipr Türk Respublikasında yaşayan oğlu Rəşad Hüseynə məxsus 465.000 ABŞ dolları dəyərində ticarət obyektini E.Abdullayevin qardaşı İsmayıl Abdullayev və bacısı oğlu Azad Mürsəliyevin iştirakı ilə E.Abdullayevin adına rəsmiləşdirib.
İstintaqla həmçinin müəyyən edilib ki, E.Abdullayev 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitini V.Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə verib , bununla belə sonuncu dələduzluq yolu ilə həmin vəsaiti ələ keçirdiyinə görə E.Abdullayev iradəsindən asılı olmayan səbəblərdən rüşvət vermə cinayətini başa çatdıra bilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Hüseyn 4 il müddətinə azadlıqdan məhrum edilib.
APA.az