2015-2016-ci tədris ili üzrə orta məktəbi bitirən məzunların neçəsinin qızıl və gümüş medala layiq görüləcəyi qəbul imtahanlarından sonra bilinəcək.
Bu barədə Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd edilib ki, nə qədər məzunun qızıl və gümüş medala layiq görüləcəyi hələlik bilinmir.
Qeyd edək ki, 2014-2015-ci tədris ilinin yekunlarına əsasən ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edilib.
Medala namizədlər Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na uyğun olaraq müəyyənləşdirilir.
Medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanması nəzərə alınır.