Deputat həkimləri müdafiə etdi: `Niyə bu haqda danışmırlar?`

9-07-2016, 14:43           

“Son günlər səhiyyə sistemində bəzi xoşagəlməz hadisələr baş verdi. Bu, həm sosial mediada, həm də KİV-də geniş müzakirələrə səbəb oldu. Belə məqamda hər kəs öz düşüncəsi və təcrübəsindən deyil, səlahiyyətli şəxslərindən məlumatlar alaraq informasiyaları paylaşmalıdır”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. Deputat diqqətə çatdırıb ki, yol qəzalarında ölən insanların sayı, həkim səhvindən dünyasını dəyişənlərin sayından çoxdur.

“İstənilən bir xidmət, peşə sahəsində olan səhvləri səhiyyə ilə müqayisə etsək, bunun elə də çox olmadığını görərik. Səhiyyədə həkimin səhlənkarlığı, vaxtında yardım göstərə bilməməsi və digər səbəblər xəstənin vəfat etməsi ilə nəticələnir, bu da faciə kimi qəbul olunur. Bir qədər realist olaq. Həkimlik peşədir və bunu insanlar yerinə yetirir”.

Deputat ölkənin səhiyyə sistemində ciddi nöqsanların olması ilə bağlı iradları qəbul etmədiyini deyib: “Səhiyyəmizdə son illər həm maddi-texniki baxımdan, həm də kadr potensialı baxımından xeyli işlər görülüb. Həmçinin idarəetmənin operativliyi və avtomatlaşdırılması baxımından irəliləyişlər var. O cümlədən, səhiyyənin büdcəsinin artırılmasını da vurğulamaq lazımdır. İslahatların aparılması baxımından görülən işlər göz qabağındadır. Bunu inkar etmək olmaz. Bu gün Azərbaycanın elə kadrları var ki, dünyada nadir əməliyyatları həyata keçirirlər. Əgər bu gün Azərbaycan səhiyyəsində sümük iliyi, böyrək və qaraciyərin köçürülməsi, açıq ürək əməliyyatı aparılırsa, ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalarımız varsa, səhiyyəmizdə sistemli nöqsanların olmasından danışmaq haqsızlıq olar. Ayrı-ayrı hallarda nöqsanlar var və həmin nöqsanlara qarşı istər cəmiyyətin, istərsə də hökumətin adekvat reaksiyası var”.

Milli Məclisin üzvü qeyd edib ki, bəzən mətbuatda həkim səhlənkarlığından yazılır, amma sonra baş verən addımlar izlənilmir: “Belə hallarla bağlı Səhiyyə Nazirliyi müvafiq addımlar atır. Bəzən şou xatirinə məlumatlar şişirdilir. Amma sonrakı məlumatlar verilmir. Salyanda, Bakıda və Sumqayıtda baş verən hadisələri götürək. Bu hadisələrin hər biri Səhiyyə Nazirliyi tərəfindən çox ciddi şəkildə araşdırılır və lazımi tədbirlər görülür. Həmçinin baş verənlərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Bu hökumətin konkret mövqeyidir.

Həkim bəzən istənilən yardımı göstərir və xəstənin həyatını xilas etmək olmur. Biz gərək həkimin fədakarlığından da yazaq. Xəstənin həyatını xilas edən həkimlər də var. Bəzən gecə-gündüz növbədənkənar çalışan həkimlərimiz olur. Niyə bunlar haqda heç nə demirlər? Hər şeydən narazı olan insanların dedikləri səhiyyəmiz haqqında obyektiv fikir sayıla bilməz. Həkim səhvi dünyanın hər yerində olur. Əsas məsələ həmin səhvlərə zamanında operativ reaksiya verməkdir. Bunlar da edilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.