Bakıda “Daş dövrünün adamları” niyə artır? - FOTOLAR
11-07-2016, 00:30
Son illərdə Bakının mərkəzində sürətli şəkildə abadlıq işləri aparılır. Ölkədə ard-arda beynəlxalq yarışların və tədbirlərin keçirilməsi paytaxtda turistlərin sayında da əvvəlki illərlə müqayisədə artıma səbəb olub.
Xüsusilə də Dənizkənarı Milli Park (Bulvar) ərazisində son zamanlar xeyli işlər görülüb. Bulvarın estetik görünüşü təkcə tikinti işləri ilə deyil, xaricdən gətirilən güllər və digər bu kimi bitkilər vasitəsi ilə də müsbətə doğru dəyişdirilib.
Lakin cəmiyyətimizdə bəzi insanlar bu qurulanları “yıxmaq”la məşğuldurlar. Söhbət əlinə kəsici alət, qələm götürüb qarşısına çıxan ağacı, divarı, skamyanı yazanlardan gedir.
Maraqlıdır ki, müasir dövrdə yazmaq üçün nəzərdə tutulan xeyli ləvazimat olsa da, bəzi insanlar daş dövründə olduğu kimi, hələ də divarı, ağacı cızaraq orada hansısa şəkili çəkmək, kiməsə mesaj verməkdən zövq alırlar.
Misal üçün Bakının İçərişəhər ərazisindəki Qala divarlarında bir çox mesajların şahidi olduq. İnsanlar Qala divarlarındakı pəncərələrin kənarlarına kimlərəsə öz sevgi etiraflarını xüsusi həvəslə həkk ediblər.
“Fəvvarələr meydanı”ndan yuxarıda yerləşən Nizami parkındakı bir ağacın üzərində isə barmaq qoymağa yer tapmırsan. Burada onlarla adamın sevgi etiraflarına və digər bu kimi mesajlara rast gəlmək olur.
Ən qəribəsi və acınacaqlısı isə Bulvar ərazisində əkilən, xaricdən gətirilmiş bahalı ağacların, bitkilərin halıdır. Bu, həmin bitkilərdir ki, Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları qış aylarında onların üzərinə qoruyucu örtük çəkirlər. Bitkilərin məhv olmaması üçün xüsusi diqqət ayırırlar.
Ancaq onların və Bulvarı qoruyan mühafizəçilərin də diqqətindən yayınaraq, bu bitkilərin də üzərinə yazılar yazmağı bacaran insanlar az deyil. Hətta bu insanlar o qədərdir ki, bitkilərin hər yarpağında onların küt alətlə buraxdıqları izlərə rast gəlmək olur. Artıq bitkilərin bəziləri bu səbəbdən məhv olmaq üzrədir. Bitkilərin üzərində xüsusilə də xeyli sayda qız adlarına rast gəlmək olur. Ehtimal ki, qızların adlarını bitkilərin üzərinə əks cinsin nümayəndələri həkk ediblər.
Məsələ ilə bağlı musavat.com-a psixoloq Dəyanət Rzayev danışıb. O, bildirib ki, bu kimi hallar insanların emosional durumları ilə bağlıdır: “Ümumiyyətlə, qədim zamanlarda da insanlar hər zaman öz hisslərini ağaclar, daşlar üzərində yazırdılar. Qobustandakı yazıları buna misal göstərmək olar. Bu cür hallar insanın emosiyalarla hərəkət etməsi ilə bağlıdır. Kimsə kimisə sevəndə, emosiya ən yüksək vəziyyətə çatanda, insanlar bunu hansısa yolla çıxarmaq istəyirlər. Ona görə də nəticədə bu kimi hallar yaranır. Misal üçün insan sevəndə düşünür ki, bu, əbədi çəkəcək. Şüuraltı olaraq onda bunu əbədiləşdirmək hissi yaranır. Ona görə də bu cür addım atır. Burada eyni zamanda genlə gələn məqamlar da var. Yəni yuxarıda qeyd etdiyim kimi, insanlar qədim zamanlarda da daşın, ağacın üzərində nə isə yazmağa meylli olublar. Eyni zamanda bu, həm də dünyada bir ənənəyə çevrilib. Hətta xarici filmlərdə də bu kimi səhnələri göstərirlər ki, kimsə kimisə sevir və bunu divara, ağaca yazır. Bunun da cəmiyyətə təsiri var. Təbii ki, hazırkı dövrdə belə hal təbiətə, eyni zamanda şəhərin estetikasına zərər verəcəksə, bunu etmək doğru deyil. Ancaq bir məqam da var ki, ağacın üzərinə hansısa yazını yazmaq, onu kəsməkdən daha yaxşıdır. Misal üçün Amerikada və digər xarici ölkələrdə xüsusi olaraq divarlar var ki, orada insanlar bu kimi yazılar yazırlar. Bakıda da belə yerlər var idi. Düşünürəm ki, insanlar emosiyalara qapılıb, bunu etsələr də, tarixi yerlərimizə, ağaclara, bitkilərə zərər verməməlidirlər”.