Azərbaycan səhiyyəsində daha bir dəhşət: - ana olmaq istədi, qadınlığını çıxartdılar

12-07-2016, 14:39           
Azərbaycan səhiyyəsində daha bir dəhşət: - ana olmaq istədi, qadınlığını çıxartdılar
«Həkim mənə xərcəngsən deyib, bütün qadınlığımı əlimdən aldı».

Bunu şikayətçi Sevinc Mirzəyeva deyib.

O, Sumqayıtda yerləşən özəl klinikaların birində həkim Şaban Əhmədov tərəfindən ona səhv diaqnoz qoyulduğunu və buna görə onun yumurtalıqlarının və uşaqlığının çıxarıldığını bildirir. Xəstənin sözlərinə görə, əməliyyat iki il öncə olsa da, o, bu yaxınlarda həkim tərəfindən aldadıldığını başa düşüb.

«Bu yaxınlarda həmin klinikada burun əməliyyatı keçirmişəm. Əməliyyatdan sonra burnumda qanama var idi. Həkimə dedim ki, məndə xərcəng xəstəliyi olub, onunla bağlı ola bilərmi bu qanama? Həkim isə mənə: «Qızım, nə danışırsan, sənin bütün analizlərin mənim əlimdədir, səndə heç vaxt xərcəng olmayıb», - dedi. Daha sonra Türkiyə və İrana getdim, orada da eyni sözləri dedilər mənə», - deyə Sevinc Mirzəyeva bildirdi.

37 yaşlı qadın evli olduğunu və ana olmaq istədiyini vurğuladı. Onun sözlərinə görə, həkim onu bir ömür boyu şikəst qoyub.

«İndi gedirəm həmin xəstəxanaya, baş həkim mənimlə kobud danışır. Deyirlər, biz bilirik nə etmişik. Amma halbuki, əməliyyata salınarkən mənə orqanlarımın çıxarılacağını heç kim deməmişdi, nə də mən hər hansı bir sənədə qol çəkmişəm. İndi deyirəm, heç olmasa, mənim pulumu qaytarın, gedim xarici ölkədə yenidən orqanlarımı bərpa edim. Pulumu da vermirlər».

Xanım deyir ki, klinika ona uzun müddət epikriz verməkdən boyun qaçırıb: «Ancaq 7 aydan sonra mənə epikrizi verdilər». Ona epikrizlə birlikdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən arayış da verilib.

Sevinc Mirzəyeva məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də məktub göndərdiyini vurğuladı.

Sumqayıtda sözügedən xəstəxananın baş həkimi Baxşəliyev Fikrət bizimlə kobud danışaraq, xəstənin kanallara, xəbər portallarına deyil, lazımdırsa, təhlükəsizlik idarələrinə şikayət etməsini bildirərək, telefonun dəstəyini asdı.

Qadının analıq arzusunu gözündə qoyan həkim Şaban Əhmədov isə Sevincə «papillar kistoma» diaqnozunun qoyulduğunu və bunun əsasında onun əməliyyat olunduğunu bildirdi. «Qadın xəstəxanamıza gələndə pis vəziyyətdə idi. Mən 3 ginekoloqla məsləhətləşib bu əməliyyatı etmişəm. Onun bütün orqanları götürülməsə idi, gələcəkdə həmin orqanlarda xərcəng yaranacaqdı».

Şaban Əhmədov eyni zamanda qeyd etdi ki, əməliyyata girməzdən əvvəl hər şey haqqında xəstəyə məlumat verilib və o da buna razı olub.

Məsələni daha dəqiq araşdırmaq üçün bir neçə ginekoloqa da sənədi göstərdik və münasibət aldıq. Ginekoloqlar belə halda əməliyyatın vacib olduğunu, lakin uşaqlıq və sağ yumurtalığın saxlanılmasını deyirlər. Hətta bir yumurtalıqla qadının hamilə qala biləcəyini də vurğuladılar.

Səhiyyə Nazirliyindən isə bildirdilər ki, əgər qadın onlara həqiqətən müraciət edibsə, lazımi şöbə məsələni araşdıracaq və kimin haqlı, kimin haqsız olduğu üzə çıxandan sonra bununla bağlı müvafiq tədbir görüləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.