"Müharibə veteranı" adı olan işçilərin ödənişli məzuniyyət günləri artırılmalı, bu sahədə həmin işçilərə güzəştlər tədbiq olunmalıdır

22-10-2023, 12:09           
"Müharibə veteranı" adı olan işçilərin ödənişli məzuniyyət günləri artırılmalı, bu sahədə həmin işçilərə güzəştlər tədbiq olunmalıdır
Hesab edirəm ki,Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməli və "Müharibə veteranı" adı olan işçilərin ödənişli məzuniyyət günləri artırılmalı, bu sahədə həmin işçilərə güzəştlər tədbiq olunmalıdır.
Səbəblərini də izah etməyə çalışacam. Hal hazırda qüvvədə olan Əmək Məcəlləsində bu işçilər üçün əmək hüququ, vergi və digər sahələrdə güzəşt və təminatlar nəzərdə tutulsa da, məzuniyyət hüquqları sahəsində hər hansı bir güzəştləri yoxdur.
Əmək fəaliyyəti ilə məşğul olan Müharibə veteranlarına verilən ödənişli məzuniyyətlər ümumi əsaslarla verilir və güzəştlər yoxdur.
Azərbaycan Respublikasınln Əmək Məcəlləsi ilə (120-ci mad.)Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət verilməsi yaxşı haldır. Lakin:
Daha yaxşı və ədalətli olmazmı bu güzəştlər həm də Müharibə veteranlarına da şamil olunsun, onlara da 46 təqvim günü və ya ən azı 42 təqvim günü məzuniyyət verilsin?
Əmək Məcəlləsinin bu barədə olan 120-ci maddəsində hətta: 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, işçilərə məzuniyyət - 46 təqvim günündən az olmayaraq verilir.
Sual olunur, nədən həmin müharibənin iştirakçıkarına, hətta hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara belə bu hüquq tədbiq olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş işçilərə bu güzəştlər tətbiq olunmur?
Sual yaranır? Nədən hətta başqa və ya bizə aid olmayan dövlətin 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirakçılarına 46 təqvim günü ödənişli əmək məzuniyyəti nəzərdə tutulur, doğma Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən Müharibə iştirakçılarına və ya veteranlarına yox?
Bir faktı da qeyd edim ki, mən 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş və ən azı bu gün 100 yaşı olan hər hansı bir işçinin əmək fəaliyyəti ilə məşğul olmasına və ya məzuniyyət hüququndan istifadə etməsinə inanmıram.
Yuxarıda göstərilənləri əsas tutaraq hesab edirəm ki,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 120 - ci maddəsində müvafiq dəyişiklik edilməli və 46 təqvim günü məzuniyyət hüququ olan işçilərin siyahısına Müharibə veteranları da əlavə edilməlidir. Bu Müharibə veteranlarına verilən ədalətli bir güzəşt olar.
Azər Quliyev.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.