BU BANKDA PULU OLAN SAHİBKARLARA “QARA XƏBƏR” – Hesablarındakı vəsaitin 20 min manatı qaytarılacaq...
24-10-2023, 07:55
2023-cü ildə daha bir bank bağlandı. “Muğanbank”da qorunan əmanətlərin qaytarılmasına yaxın zamanlarda başlanılması gözlənilir. Hər bir bankda sahibkarların da böyük həcmdə vəsaitləri olur. “Muğanbank”ın tam öhdəlikləri barədə məlumatlar hələlik ictimaiyyətə təqdim olunmadığından sahibkarların bu bankdakı vəsaitlərinin həcmi hələlik açıqlanmayıb.
İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, qaydalara əsasən, “Muğanbank”da fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə vəsaitlərin 20 min manatı kompensasiya olunacaq.
“Bu o deməkdir ki, əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin hesabında 50 min manat varsa, onun 20 min manatı kompensasiya olunan, digər hissəsi isə qorunmayandır”, - o əlavə edib.
İqtisadçı hesab edir ki, bu baxımdan, son illər inflyasiya səviyyəsinin proqnozlaşdırılandan yüksək olduğunu nəzərə alsaq, kompensasiya olunan məbləğin artırılması çox vacibdir. Onun sözlərinə görə, bu banklar müflis olan zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin pullarının daha çox hissəsinin kompensasiya olunmasına gətirib çıxara bilər.