Ölkədə başqa problem, araşdırılası məsələ yoxdur?
26-10-2023, 10:54

Ölkə mediasının problemləri, əcaib və pinti görkəmi günbəgün daha da dərinləşir. Son bir ay ərzində Azərbaycanda tarixi hadisələr baş verib, amma media qurumlarımızın başı Şəmsi Səmədzadə ilə bağlı yayılan videogörüntülərə qarışıb. Azərbaycanın ərazi bütövlüyü təmin edildi, mediada bu istiqamətdə dişəvurulası bircə material dərc edilmədi. Sosial şəbəkələrdə Azərbaycan bayrağını paylaşmaqla öz vəzifəsini bitmiş hesab edən media orqanlarının rəhbərləri xalqa, cəmiyyətə bu hadisənin tarixi əhəmiyyətini aşılaya bilmədilər. Bir neçə gündür ölkədə media qurumlarının əksəriyyəti və jurnalistlər Ş.Səmədzadə ilə bağlı yarışa çıxıblar. Bir qism media nümayəndəsi onun səsini yayır, başqa biriləri yeni videolarını çəkir, açıqlamalar alıb “şok təfərrüat”lar axtarırlar. Hələ bir bunu "qəhrəmanlıq" və “ekslüziv” fəaliyyət kimi təqdim edirlər.
Ətrafınıza, ölkəyə, regiona və dünyaya baxın, mövzu yoxdur? Başa düşürəm, əsasən sizi buna vadar edən seksual qıtlıqdan əziyyət çəkməyinizdir. Bəs, Medianın İnkişafı Agentliyi niyə susur? Niyə saytlara tapşırılmır ki, onun-bunun şalvarından başınızı çıxarın, normal xəbərlər, analitik materiallar, reportajlar işləyin. Yox, əsas odur ki, 20 xəbər olsun, əksəriyyəti də xarici... Məsələn, Haitidə 100 yaşlı qadın həbs edilib, Malayziyada 20 mərtəbəli bina yanıb, ABŞ-da tornado gözlənilir və s. Ölkədə başqa problem, araşdırılası məsələ yoxdur?
Heç kəs işləmək istəmir. Bu əndamsız pulyeyən “vintilyator” saytlarla hara gedirsiniz? Bütün ciddi layihələr tormozlanıb, pulsuzluq bütün intellektual işləri sıfırlayıb. Azərbaycan mediasının fəaliyyəti qalib ölkənin və onun rəhbərinin fəaliyyətinə qətiyyən adekvat deyil. Hətta Mozambikin sahəvi media qurumları daha vicdanlı və ağıllıdırlar. Məqsədiniz isə bəllidir, peşəkarları ruhdan salmaq, mənən sındırmaq, qovmaq və əvəzində bu yelbeyin o(ə)tyeyən “fotobaz”ları vitrinə daşımaq...
Samir Feyruzov
Teref.az