Nazirlikdən ölkəyə gətirilən yumurtalarla bağlı AÇIQLAMA
19-07-2016, 10:07
“Bir sıra kütləvi informasiya vasitələrində idxal olunan yumurtaların salmonella virus xəstəliyinə yoluxması və onun satılması barədə məlumatlar verilib. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı ilin müvafiq dövrü ərzində respublikaya idxal olunan digər heyvandarlıq məhsulları ilə yanaşı, ərzaq yumurtalarından da nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərə görə müvafiq müayinələrdən keçirilib”. Lent.az xəbər verir ki, bu barədə DBNX-nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, aparılan müayinələrin nəticəsinə görə, cari ilin müvafiq dövrü ərzində ölkəmizə idxal olunan ərzaq yumurtalarında hər hansı xəstəliyin törədicisi aşkar edilməyib, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olub, yumurtaların sağlam və yeyinti üçün yararlı olması müəyyən edilib.
“Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, idxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyil. İdxal edilən heyvan, heyvan mənşəli məhsullar, eləcə də yumurta müvafiq laboratoriya müayinələrindən keçdikdən, yeyinti üçün yararlı olması müəyyən edildikdən sonra onların satışına icazə verilir. Ölkəyə idxal edilən bütün heyvan mənşəli məhsullara nəzarət olunur” – deyə məlumatda bildirilib.