Azərbaycanda pulsuz ərzaq paylana bilər, əgər... - AÇIQLAMA
12-01-2024, 17:31

Rusiyada bəzi ərzaqlar pulsuz paylanılacaq.
Belə ki, mağazalarda pulsuz mallar olan xüsusi rəflər yaradılacaq. Sözügedən qanun layihəsi artıq hazırdır və tezliklə Dövlət Dumasına təqdim olunacaq.
Bildirilir ki, hakimiyyət Rusiya pərakəndə satış şəbəkələrini və ərzaq mağazalarını müddəti bitmək üzrə olan məhsulların yerləşdiyi rəflər yaratmağa məcbur edəcək. Hesablamalara görə, yeni qanun təxminən 30 milyon insanı qida ehtiyacını təmin edə bilər. Layihəyə əsasən, pensiyaçılar və sosial cəhətdən həssas kateqoriyalardan olan vətəndaşlar belə rəflərdən pulsuz istifadə edəcəklər. Malları götürmək üçün rusiyalılar sənədləri – pensiya kartı və zəruri digər sənədləri təqdim etməlidirlər.
Qeyd edək ki, Rusiyada ərzaq tullantılarının həcmi 17 milyon ton, bu məhsulların dəyəri isə 1,6 trilyon rubl dəyərində qiymətləndirilir. Ərzaq tullantılarının ən böyük miqdarı zəruri mallardan gəlir. Söhbət həm taxıl və süd məhsulları, həm də tərəvəzdən gedir. Eyni zamanda, vətəndaşların 60,4%-i aylıq gəlirlərinin təxminən yarısını ərzağa ödəyir, demək olar ki, bütün qazanclarının 16%-i ərzağa gedir.
Maraqlıdır, bənzər qərar Azərbaycanda da tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı “Cümhuriyət”ə açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli xatırladıb ki, bu sistem əksər Avropa ölkələrində də tətbiq olunur:
“Yəni istifadə müddətinin bitməsinə 1 ay qalmış ərzaq məhsulları vətəndaşlara pulsuz olaraq paylayırlar. Adətən imkansız və ya maddi vəziyyəti çox aşağı olan insanlar belə məhsullara alırlar”.
Ekspert vurğulayıb ki, bunun Azərbaycanda da tətbiq olunması çox yaxşı olardı:
“Amma Azərbaycandakı sahibkarlar vaxtı keçmiş məhsulun üzərinə yeni tarix yapışdırıb yenidən satışa çıxarırlar. Çox təəssüf ki, ölkəmizdə vaxtı keçən məhsulların hamısı məhv edilmir. İlk növbədə bunun qarşısını almaq lazımdır. Azərbaycanda da istifadə vaxtı bitmiş məhsullar ya utilizasiyaya getməli, ya da həmin məhsullar istifadə müddətinin bitməsinə az qalmış vətəndaşlara pulsuz olaraq təklif olunmalıdır. İstifadə müddəti bitən bütün məhsullar isə məhv edilməlidir”.
Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda da belə bir təşəbbüsün irəli sürülməsi və qanun qəbul edilməsi təqdirəlayiq olar. “İstifadə müddətinin bitməsinə 1 ay qalan məhsullar müəyyən olunan rəflərdə vətəndaşlara təklif edilməlidir. Bunun üçün Milli Məclisdə qərar qəbul olunmalıdır”.