“Bu parkda adam ölsə, heç kimin xəbəri olmayacaq” – FOTOLAR

13-01-2024, 09:34           
“Bu parkda adam ölsə, heç kimin xəbəri olmayacaq” – FOTOLAR
“Hər axşam işdən evə gəlirəm, yolum park tərəfdən keçir, amma qorxudan bilmirəm necə gedim. Park zülmətdir”.

Bu sözləri Musavat.com-un əməkdaşına Nizami rayonu, Məmmədəli Şərifli 9 küçəsində yaşayan sakinlər bildiriblər.

Onların sözlərinə görə, yaşadıqları binanın yaxınlığında, Şərif Mirzəyev 216 küçəsində park var ki, əhali bu parkdan mütəmadi olaraq istifadə edir.

“Bu parkdan demək olar ki, ətraf binaların hamısı istifadə edir. Burada uşaqlarımız oynayır. Baxın, düz yol ayrıcındadır deyə metroya buradan piyada düşməli oluruq. Qışdır, günlər qısalıb, qaranlıq tez düşür. İşdən gələnimiz var, tələbəmiz var. Adam zil qaranlıqda ürkür. Birinin başına hadisə gəlsə, heç kimin xəbəri olmaz. Bir işıq qoymayıblar ki, keçdiyin yolu görə biləsən. O gün getdiyim yerdə ayağımın altındakını görə bilmədim, dəydim yerə, elə əzildim ki… Yaşlı adamam da, ay bala”, – deyə Nərminə Əliyeva adlı sakin bildirib.

Bu parkdan yolu düşən daha bir sakin, Oksana Lembikova da şikayət edənlər sırasındadır:

“Mən də hər axşam işdən evimə gedirəm, bu park çox vahiməli olur axşamlar. Qışdır deyə heç kim olmur, qaranlıqda bilmirsən necə keçib gedəsən. İndi hansı zəmanədir ki, işıqsız qoyurlar parkı. Baxın, parkla üzbəüz restoran da var, buradan içkili çıxanlar olur, istər-istəməz təkcə qorxursan. Bu parkda adam ölsə, heç kimin xəbəri olmaz. Mən Bakıda dünyaya gəlmişəm, uşaqlığım da bu ərazilərdə keçib, doğmadır buralar mənə. Çox heyif ki, nəzarətsiz qalıb” .

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarovla əlaqə saxladıq. O, Musavat.com-a açıqlamasında bildirib:

“Bir necə öncə sözügedən ərazinin işıqlandırılması ilə bağlı sakinlərin Rayon İcra Hakimiyyətinə müraciəti əsasında ünvana baxış keçirib. Məlumat üçün bildiririk ki, 2018-ci ildə quraşdırılmış işıqlandırma sistemində həmin dövrdən bu günədək müxtəlif səbəblərdən baş vermiş qısaqapanmalara görə kabel xətləri sıradan çıxıb. Tərəfimizdən ərazinin işıqlandırma sisteminin bərpası üçün artıq müvafiq işlərə başlanılıb və yaxın zamanlarda ərzazinin işıqlandırılması təmin ediləcək”.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru