Güzəştin ləğvi: qiymətlər arta bilər - Nə edilməlidir? Nə edilməlidir?

16-01-2024, 16:30           
Güzəştin ləğvi: qiymətlər arta bilər - Nə edilməlidir?
Cari ilin yanvarın 1-dən etibarən mikrosahibkarlar üçün tətbiq olunan 75%-lik vergi güzəşti ləğv olundu. Üçdən az işçisi olan, eləcə də, təkbaşına fəaliyyət göstərən mikrosahibkarlar gəlirindən 5% əvəzinə 20% vergi ödəyəcək.

Bir sıra mikrosahibkarlar isə düşünür ki, 3 işçi cəlb edib 5%-lik güzəştə daxil olsalar da, həmin işçilərin sosial ödənişləri 20%-lik vergi yükünə bərabər olur. Buna görə də, işçi götürməkdə maraqlı deyillər.

İqtisadçı ekspert Samir Əliyev isə vergidəki yeniliklə bağlı özünün yaşadığı təcrübəni bölüşüb: “Beynəlxalq təşkilat üçün kiçik bir iş görmüşdüm. Xidmət haqqının məbləği 100 avro idi. Həmin vəsaitdən imtina etməli oldum. Çünki son dəyişikliyə görə, bu vəsaitin təxminən 30%-i mənə çatırdı, 100 avronun 70 avrosunu isə büdcəyə köçürməli idim. Lakin 100 manat köçürsəydilər, həmin vəsaitin üstünə 15 manat da qoyub büdcəyə qaytarmalı idim”.

İqtisadçı ekspert, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, biznesi mümkün qədər vergi təzyiqindən azad etmək lazımdır:

“Bu vergi yükü yalnız biznes subyektlərinə deyil, bütövlükdə iqtisadiyyata və sosial sahəyə təzyiq deməkdir. Son nəticədə, biznes subyektlərindəki proseslərə təsir edir, qiymət artımına şərait yaradır, iş yerlərinin bağlanma riskini ortaya çıxarır. Bu gün qeyri-xammal, qeyri-neft sektorunun inkişafını prioritet hesab ediriksə, vergi yükündə yumşalmalara getməliyik. Son nəticədə, iqtisadi artım vergi yükünün deyil, vergi bazasının genişlənməsi ilə reallaşdırılmalıdır”.

Ekspert deyir ki, mikrosahibkarlara güzəştlər edilməldiir: “Kredit şərtlərinin yumuşalması, bank sektorunun investisiya prosesinə aktiv cəlb olunması tələb olunur. Eyni zamanda büdcə-vergi siyasətinin stimullaşdırılmasına, fiskal yükün yumşaldılmasına ehtiyac var. Əks halda sahibkarlara təzyiqlərin göstərilməsinin şahidi olacağıq ki, bu da son nəticədə qiymətlər mövqeyindən yerli məhsulun rəqabət qabiliyyətinə mənfi təsir göstərəcək”.

“Aktiv məşğulluq siyasətinin həyata keçirilməsindən danışırıqsa, yük yalnız dövlət üzərində olmamalıdır. Sahibkarlara şərait yaradılmalıdır ki, işçi götürsünlər, aktiv şəkildə məşğulluq prosesinin inkişafını təmin etsinlər. Bununla yeni iş yerləri açılsın, qeyri-neft sektoru inkişaf etsin.”, - deyə E.Məmmədov əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.