Qayğılara "yumruq" atmaq... Küçələrə "səs" salan boks aparatı "səssiz" vətəndaşın "fəryad"ına çevrilib

7-05-2024, 09:55           
Qayğılara "yumruq" atmaq...
boks aparatı / Foto: Mətin Şükürlü,
Yayın yaxınlaşması ilə istirahət parklarında, eləcə də ictimaiyyətə açıq digər yerlərdə "boks aparatı" və "güc yarışı" sezonuna da start verilmiş oldu. Bakının mərkəzi küçələrində, eləcə də istirahət parklarında göbələk kimi çoxalan boks aparatları, eləcə də hay-küylə o aparata zərbələr endirib, ətrafa öz gücü ilə "qorxu yayan", çoxluğunu gənclərin, yeniyetmələrin təşkil etdiyi "sezonşik"lərin də sayı gündən-günə artır.
Bu, bir tərəfdən kimlərinsə gündəlik pulunu çıxarmasına, kimlərinsə əylənməsinə və gücünü sınamasına şərait yaratsa da, digər tərəfdən ətrafdakı insanları, xüsusilə də ailəvi istirahət mərkəzlərindəki obyekt sahiblərini, ora gələn müştəriləri narahat edir. Bu haqda elə kafe və restoran işlədənlərin özləri dəfələrlə ora gələrək, musiqi səsinin, bağırışmaların məhdudlaşdırılmasını xahiş edib: "Yay gələn kimi ya dilənçilər, ya gül-çiçək satanlar, ya da bu aparatın sahibləri düz gəlib dururlar restoranın yanında, başlayırlar müştəri toplamağa. Bura da ailəvi restorandır, insanlar ailəsi, uşaqları ilə istirahətə gəlirlər, ancaq səs-küydən söhbət eləmək, qarşındakını eşitmək olmur. Hər yay öncəsində biz bu proseslərə dözməli oluruq" deyə, restoranda çalışan şəxs bildirib.

Müşahidələrimiz qeyd olunan yerlərə elə də çox adamın yığışmadığını göstərsə də, ətrafda çalışan başqa insanlar bildirdi ki, bu aparatdan istifadə əsasən axşamüstü daha da çoxalır. İşdən, dərsdən çıxanlar, yolu burdan keçənlər ən az bir yumruq üçün növbədə durmalı olurlar.

Aparata yumruq vurmağın qiyməti bəzi yerlərdə əlli qəpik, bəzi yerlərdə 1 manatdır. Daha "elit" yerlərdə aparatların keyfiyyəti və qiyməti daha da yüksəlir.

Məlumat üçün qeyd edək ki, adıçəkilən mövzuya yanaşma nə realda, nə də sosial şəbəkələrdə bir mənalı deyil. Səyyar əyləncə vasitələrinin ətrafda yaratdığı xaotik vəziyyət bəzilərini narahat etsə də, maddi imkanı yalnız bu növ vasitələrlə əylənməyə və vaxt keçirməyə çatanlar vəziyyətdən məmnundurlar.

P.S. Vicdanla desək, onlara haqq verməmək də mümkün deyil. Əmək haqqının minimumda, qiymətlərin maksimumun üzərində olan bir ölkədə maddi çətinliklərin yükü altında əzilən insanların bu gedişata heç olmasa, bir dəfə "yumruq atmaq "haqları ola bilməzmi?! Günah nə o boks aparatlarındadır, nə də onların sahiblərində. Günah, insanların yaşadığı həyat səviyyəsinin stresini o 50 qəpiklik aparatdan çıxmasına məhkum edən quruluşdadır.

Mətin Şükürlü, Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.