Bloklanan bank kartından vəsait oğurlana bilərmi?
18-05-2024, 11:48
Son dövrlərdə Azərbaycanda kiberdələduzluq qurbanı olan, bank kartlarından vəsaitləri oğurlanan vətəndaşların sayı artıb. Daxili İşlər Nazirliyi bununla bağlı həm daxildən, həm də xaricdən edilən kiberdələduzluq halları aşkarladığını açıqlayb. Həmçinin vətəndaşlara da xəbərdarlıq edilir. O cümlədən, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və banklar fərdi şəkildə vətəndaşlar arasında maarifləndirmə işləri aparırlar. Buna baxmayaraq, kiberdələduzluq hallarının qurbanı olan vətəndaşlarla yenə də qarşılaşırıq. Bu isə istər-istəməz digər kart istifadəçisi olan vətəndaşlar arasında narahatlıq yaradır. Bəzi vətəndaşlar isə çıxış yolunu kartdan hər hansı bir ödəniş etdikdən dərhal sonra onu növbəti ödənişə kimi bloklamaqda görür.
Bəs bank kartının bloklanması kiberdələduzluq risklərini sıfıra endirə bilərmi?
İqtisadiyyat.az-ın araşdırmasına görə, kartın blokda saxlanılması kiberdələduzluq risklərini minimuma endirir. Belə ki, vətəndaşlar şəxsi və kart məlumatlarını, o cümlədən bank tərəfindən SMS vasitəsilə göndərilən kodları, Pin-kodları, OPT kodunu başqa şəxslərə ötürməsələr, adi qayda da bank kartını risksiz istifadə etmək mümkündür.
Nəzərə alsaq ki, Azərbaycan pirat mobil tətbiqlərin ən çox istifadə edildiyi ölkələrdən biridir, bu amil də vətəndaşların kart məlumatları ilə bağlı kiberdələduzluq risklərini artırır. Bank kibertəhlükəsizlik mütəxəssisləri dünyada "WhatsApp+" kimi qeyri-leqal proqramların ən çox Azərbaycanda istifadə edildiyini qeyd edirlər.
Bu isə faktiki olaraq xakerlərin cihazlarımızda olan fərdi məlumatlarımızı, hərəkətlərimizi, hətta telefonumuza gələn SMS-lərin izlənməsinə səbəb olur. Həmin məlumatlar 3-cü tərəflərə ötürülür. Vətəndaşın xəbəri olmadan PİN-kod daxil edilir və mobil əlavəyə müdaxilə olunaraq pul hesabdan köçürülür.
Banklar daimi əsasda kiberdələduzluq risklərinin azaldılması istiqamətində addımlar atır. Bununla belə, vətəndaşlar ehtiyatlı davrandıqları halda bank kartlarını rahatlıqla istifadə edə bilərlər.