“Azəriqaz” rəsmisi qaz borularına hava vurulmasını təsdiqlədi - AÇIQLAMA
20-05-2024, 16:21
Sosial şəbəkələrdə “qaza hava vururlar və “Azəriqaz” növbəti dəfə xalqın cibindən oğurluq edir” kimi iddialara tez-tez rast gəlmət olur.
Elə bu dəfə də “Facebook” izləyicilərindən biri Salyan rayonunun Marışlı magistralının üstündə yerləşən qaz xəttinə “Azəriqaz” əməkdaşları tərəfindən hava vurulması prosesini öz telefonu ilə çəkərək həmin iddiada bulunub.
KONKRET.az abonentlərin narahatlığına aydınlıq gətirilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevlə əlaqə saxlayıb.
Eldəniz Vəliyev bildirib ki, qaz xəttinə yüksək atmosfer təzyiqli hava kütləsinin vurulması dünyada tətbiq olunan və alternativi olmayan bir üsuldur. Çünki bu yolla boru xətlərindəki su kütləsi və digər qırıntılar xaric edilir.
Tanınmış telejurnalist Eldəniz Vəliyev "Azəriqaz"ın mətbuat katibi təyin edilib
“Bu proses zamanı abonentlərə verilən qaz mənbəyindən bağlanır. Müəyyən məsafədən əvvəlcədən açılmış dəliklərə yüksək təzyiqli hava kütləsi vurulur. Bu proses baş verəndə abonentlərə verilən qaz bağlanır. Həmin ərazidəki boru xətləri təmizlənəndən, hava kütləsi oradan tam çıxarılandan, dəliklər bağlanandan sonra abonentlərə qazın verilişi bərpa olunur”.
Mətbuat xidmətinin rəhbəri xüsusilə vurğulayıb ki, “hansısa abonentin cibinə girmək”, “satılan qaza hava vurmaq” kimi böhtanlar bu sahəni bilməməkdən irəli gəlir.
“Biz dəfələrlə ən müxtəlif platformalarda, ən müxtəlif səviyyələrdə bu prosesin niyə baş verdiyini izah etmişik. Hətta kipliyin yoxlanılması prosesində də hava kütləsindən istifadə olunur. Yəni sızmanın olub-olmamasını bilmək məqsədilə boru xətlərinə yüksək atmosferli hava kütləsi vurulur. Əgər xəttdə sızma varsa, birləşmə yerində fısıltılar əmələ gələcək”.
Eldəniz Vəliyev bir daha abonentlərə müraciət edib:
“Mən abonentlərdən xahiş edirəm, sosial şəbəkələrdə qaz xətlərinə vurulan hava kütləsi ilə bağlı savadsız, qeyri-peşəkar şərhlərə inanmayın! “Azəriqaz” İstehsalat Birliyi öz məsuliyyətini çox yaxşı dərk edir. Hansısa yüksək atmosferli hava kütləsi boru xəttinə vurularkən qaz mayesi ilə birlikdə abonentin mənzilinə gedərsə və abonent bundan istifadə edərsə, çox böyük təhlükələrə, partlayışlara səbəb ola bilər. Bu baxımdan birliyin hansısa regional idarəsi bu addımı özbaşına və ya hansısa məqsədlərlə ata bilməz. Bu, mümkün deyil”.