Hacı Qalibin sənədsiz bağı sökülür - Adil Vəliyevdən AÇIQLAMA
24-05-2024, 08:14
Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan villanın qapısının daşla hörüldüyü deyilir.
TEREF qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Musavat.com-a danışan Hacı Qalib Salahzadə deyib ki, vaxtilə onun 500 min manata aldığı bağ torpaq sahəsini əhatələyən hasar dağıdılıb.
Onun sözlərinə əsasən, axşamdan icra başçısı Adil Vəliyev şəxsən əraziyə gəlib:
“Dedi ki, bu dəqiqə buranı sökürəm. Hazırda da bağımı sökürlər, orada traktorlar işləyir. Prezident Administrasiyasının yüksək rütbəli məmurlarının adlarını çəkir, onların göstərişi ilə bağımı sökdüyünü deyir. Mənə də deyir ki, sənin üstündən maşınla keçərəm. Nə məhkəmə, nə qərar? Qışqıra-qışqıra mənə deyir ki, bu işləri mənə görməyi yüksəkrütbəli məmurlar tapşırıb. Mənim özümü də provokasiyaya çəkirlər ki, bir iş açsınlar”.
Hacı Qalib Salahzadə bildirib ki, sökülən bağının ərazisində 3 evi olub:
“Əlimdə öz adıma olan bələdiyyə sənədləri də var. O zaman bu torpağı mən nardaranlı Ağaismayıl, Fərhad kişidən 500 min manata almışam. Bu adamlar da sağdırlar”.
Sayt məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də mövqeyini öyrənib. İcra başçısı bildirib ki, zəbt olunmuş ərazi qanunauyğun olaraq qanunsuz tikililərdən təmizlənib:
“Hacı Qalib həmin ərazini də, necə ki, Bilgəhdə onlarla hektarı zəbt etdiyi kimi, zəbt edib. Həmin zəbt etdiyi torpaqlarla bağlı bütün günü də məhkəmələrdə keçir. O ərazi çimərlik ərazisidir və heç zaman da bələdiyyə torpağı da olmayıb. Bu (Hacı Qalibi nəzərdə tutur), əlində indiyə qədər də bələdiyyə sənədlərini, daha doğrusu, möhürünü saxlayıb. Oğlu (hazırda Əliabbas Salahzadə deputatdır) da bir zamanlar bələdiyyə sədri, özü də oranın qoçusu olub. Ona görə ona başa saldım ki, bələdiyyə sənədini özün öz adına vermisən. Məni provakasiyaya çəkmək istədi. Deyir ki, ölkə rəhbərliyinin yürütdüyü siyasətə zidd addım atırsan, yürüdülən siyasətə xələl gətirirsən. Dedim ki, Hacı, mən buranı boşaltdıracağam, bura hasar çəkdirəcəyəm. Dedi ki, mən də o hasarı sökdürəcəyəm. O zaman da mən demişəm ki, belə etsən, mən də sənin üstündən maşınla keçəcəyəm”.
Adil Vəliyev deyib ki, ərazi dövlət torpağıdır və Dövlət Proqramına əsasən adablaşdırılması nəzərdə tutulur:
“Oranı sökməyi mənə Prezident Adminstrasiyasından kimsə deməyib, öz təşəbbüsümlə təmizləmişəm. Ora dövlət torpağıdır, boşaldılmalıdır. O ərazinin yanında da böyük bir ərazini ayrı adamlar zəbt eləmişdilər. Yüz vasitə ilə oraları ələ keçirmək istəyirdilər. Lakin biz buna imkan vermədik. Çünki ora dövlət torpağıdır. Oranın 1 qarışı belə zəbt oluna bilməz. Heç kim də ora müdaxilə edə bilməz. “Amburan”dan Nardarana qədər olan ərazi qəşəng çimərlikdir, xalqın istifadəsindədir. Ona da demişəm ki, Hacı, başa düş, sənin əlində çıxarışın olsa, sənin mülkünə kimsə yaxın gələ bilməz. Oğlu da lazımi ünvanlara zəng vurub, ona da deyiblər ki, rayonun rəhbərinin atdığı addımlar qanun çərçivəsindədir. Hacı Qalib adlar çəkir, amma mənə heç kim zəng etməyib, heç kim də heç nə deməyib. Biz ötən il də o ərazidə abadlıq işləri apardıq, oradakı özbaşına tikililəri sökdük. Bəzilərinə hətta kompensasiya da verdik. Çox təəssüf ki, bu adam qanun nədir, onu başa düşmür. Vaxtilə bələdiyyə sədri olub, icra nümayəndəsi də onun adamları idi. Dövlətin qanunu müqəddəsdir, qanun qarşısında boynumuz qıldan incədir”.
Adil Vəliyevin sözlərinə görə, Hacı Qalib Salahzadə onlarla vətəndaşa heç bir kökü olmayan bələdiyyə sənədləri verib və bu əməlləri İcra Hakimiyyətini vətəndaşlarla üz-üzə qoyur:
“Onun işi məhkəmələrdədir. “Şəbəkə” adlı çimərliyi ələ keçirib. 2 hektar 80 sotdur. Haradan alıb bu qədər pulu? Hamısını özünün verdiyi köhnə sənədlərlə ələ keçirib. Həmin ərazi də belə mənimsənilib. Heç bir çıxarışı yoxdur, özünün verdiyi bir bələdiyyə sənədi ilə ərazini zəbt edib. Çıxarışı varsa, gəlsin, gedib ərazidə hasarı da bərpa edərəm, üzr də istəyərəm. Dövlətin qanunlarına qarşı çıxıb dövlət nümayəndəsini hədələyənin cavabı belə olur”.