Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə gəlirlərinin strukturu açıqlanıb
25-05-2024, 07:15
Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyi xəbər verib.
Məlumata görə, dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17769,0 milyon manatı neft sektorunun, 51,1 faizi və ya 18584,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605,0 milyon manat və ya 3,5 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 faiz) azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1575,0 milyon manat və ya 9,3 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 1504,0 milyon manat (8,8 faiz) çoxdur.
Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 faiz) təşkil edəcəkdir.
Dövlət büdcəsi gəlirlərinin 15270,0 milyon manatı və ya 42,0 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 6400,0 milyon manatı və ya 17,6 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12781,0 milyon manatı və ya 35,1 faizi Dövlət Neft Fondundan transfertin, 831,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 821,0 milyon manatı və ya 2,3 faizi sair gəlirlərin, 250 milyon manatı və ya 0,7 faizi isə Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmaların payına düşür.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 15270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1 faiz çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4580,0 milyon manatı və ya 30,0 faizi neft sektorunun, 10690,0 milyon manatı və ya 70,0 faizi isə qeyri-neft sektorunun payına düşəcəkdir.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 10690,0 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 800,0 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə isə 982,1 milyon manat və ya 10,1 faiz çoxdur.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 6400,0 milyon manat məbləğinə çatdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 500,0 milyon manat və ya 8,5 faiz çoxdur.
Mövcud daxilolma mənbələrindən əlavə olaraq dövlət büdcəsinə Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250,0 milyon manat, “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”na (məqsədli büdcə fondu) isə 25,0 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır.