Şantaj yolu ilə yüz minlərlə avro qazanan bloger: Almaniya prokurorluğu araşdırma aparır

25-05-2024, 15:58           
Şantaj yolu ilə yüz minlərlə avro qazanan bloger:
“Azərbaycan hakimiyyəti Avropada olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib”. “AzPolitika” xəbər verir ki, bunu Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı “Facebook” səhifəsində yazıb. “Hətta deyilənə görə, bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm”, – o əlavə edib.

Ə.Muxtarlı onu da bildirib ki, iş üzrə aparılan istintaqa ifadə verən bir nəfər də var. O, qeyd edib ki, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir, xüsüsən, Avropada bunu bağışlamırlar. Azərbaycan höküməti iddiadan geri çəkilsə belə, almanlar işi bağlamayacaqlar”, – o vurğulayıb.

Məlumatlı mənbələrdən “AzPolitika”ya daxil olan məlumata görə, Avropa ölkələrində mühacir həyatı yaşayan, müxtəlif platformalarda Azərbaycanda yüksək rütbəli dövlət rəsmilərini mütəmadi olaraq təhqir edən bir neçə “bloger” sözügedən cinayət əməli törədib. Onlar mərmuları və iş adamlarını ailə üzvləri və özləri barədə şəxsi məlumatları yayacaqları ilə hədələyərək, külli miqdarda vəsait əldə ediblər. Daha sonra həmin pullar Avropa ölkələrindəki banklar vasitəsi ilə nağdlaşdırılıb. Avropa İttifaqı qanunvericiliyinə görə, vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin bank hesablarına daxil olan vəsaitlərin mənbəyi açıqlanmalıdır. Amma sözügedən “bloqçular” pulları nağdlaşdırıb, yaxud başqa hesablara köçürsələr də, banklara heç bir sənəd təqdim edə bilməyiblər.

Mənbə bildirib ki, onların bir qismi şantajla əldə etdikləri vəsait hesabına daşınmaz əmlak, bahalı avtomobillər əldə edib, eyş-işrətlə məşğul olublar.

Məlumata görə, onların bir qismi yerli hüquq- mühafizə orqanları tərəfindən istintaqa cəlb edilib. Araşdırmanın nəticəsi olaraq onların cinayət işi məhkəməyə göndərilə, həbs cəzası kəsilə və sonrakı mərhələdə Azərbaycanın tələbi üzrə ekstradisiya edilə bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.