Alkoqollu içkilərə antifriz, metil spirti qatılır – İçənlər ya kor olur, ya da ölür
25-05-2024, 15:54
Müxtəlif kafe və ya restoranlarda, mağazalarda mütəmadi olaraq saxta alkoqollu içkilər aşkarlanır. Məsələn, bir gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 32 ünvanında fəaliyyət göstərən “Number One” ictimai iaşə müəssisəsinə baxış zamanı orada Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı olmayan, həmçinin istehsal tarixləri qeyd edilməyən müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilər aşkarlanıb. Müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Mütəxəssislər bildirir ki, saxta alkoqollu içkilər insan sağlamlığını təhdid edir, hətta ölümə yol açır.
Mövzu ilə bağlı TNS-ə danışan Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov bildirib ki, keyfiyyətsiz və ya aşağı keyfiyyətli spirtli içkiləri qəbul edərkən fəsad qaçılmaz olur: “Bunlara “surroqat içkilər” deyirik. Bəzi spirtli içkilərin surroqatları olur ki, onlara metil və s. spirtlər, maşınlarda istifadə olunan antifriz qatılır. Metil və ya taxta spirti çox vaxt gözləri kor edir. Beyin fəaliyyətini, mərkəzi sinir sistemini, tənəffüs və ürək mərkəzini pozur. Vaxtında qarşısı alınmasa, ölümlə nəticələnə bilər”.
Baş toksikoloq bildirib ki, bu hallar çox olmasa da, il ərzində müəyyən sayda baş verir: “Qida Təhlükəsizliyi Agentliyi bunların qarşısını alır. Ancaq arada bu hallar olur. İl ərzində 15-20 hadisə baş verə bilir. Zəhərlənmələr əsasən kütləvi halda olur. Bir neçə il əvvəl baş verən kütləvi zəhərlənmə hadisələrindən 10-15 nəfər rəhmətə getmişdi. İl ərzində ölüm faktları tək-tək olur. Əgər zəhərlənən adamlar Toksikoloji Mərkəzə vaxtında çatdırılırsa, ölüm riskini azaldırıq. Belə ki, 20 nəfərdən biri və ya iksi həyatını itirə bilər. Amma reginada olanda və xəstə bizə köçürüləndə çox fəsadlı vəziyyətdə olurlar ki, bu zaman da ölüm riski çox olur”.
Həkim vurğulayıb ki, antifriz məhlulun dadı şirin olduğu üçün kustar üsulla hazırlanan içkiyə qatılan zaman hiss olunmur: “İçkini qəbul etdikdən yarım saat sonra fəsadlaşma başlayır, insanı yuxuya aparır. Ayılanda çox pis vəziyyətdə olur. Çox zaman da ümumiyyətlə ayılmırlar, huşsuz vəziyyətə düşürlər”.