Naxçıvan səhiyyəsində BÖYÜK TƏFTİŞ... - Kimlərsə həbs oluna bilər...
27-05-2024, 10:46
Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində yoxlamalara başlayır.
TNS xəbər verir ki, palata Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin fəaliyyətini araşdıracaq. Kənar dövlət maliyyə nəzarəti tədbiri 2023-cü ili və 2024-cü ilin ötən dövrünü əhatə edəcək.
Məlumata görə, bu qurumlar üzrə dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditi aparılacaq.
Qeyd edək ki, Naxçıvanda səhiyyə sahəsində ciddi qüsurların olduğu barədə sosial şəbəkələrdə və mediada məlumatlar yayılır. Muxtar respublikadakı əksər xəstəxanalara heç bir aidiyyəti olmayan Səhiyyə Nazirliyi qanunsuz şəkildə tibb müəssisələrinin işinə müdaxilə edir.
Səhiyyə Nazirliyi tərəfindən dövlət əmlakından və vəsaitindən düzgün istifadə olunmadığına dair faktlar var.