Azərbaycanda kartof əkin sahələri niyə azalıb? - ARAŞDIRMA

30-05-2024, 15:17           
Azərbaycanda kartof əkin sahələri niyə azalıb? - ARAŞDIRMA
Azərbaycanda kartof əkin sahələri əvvəlki illərlə müqayisədə azalıb. Kəskin azalma isə kartofçuluqla məşğul olan Cəlilabad rayonunda daha çox qeydə alınıb. Rəsmi məlumata görə, ötən il bu rayonda 5500 hektar sahədə kartof əkilmişdisə, cari ildə bu rəqəm 2900-ə enib. Bu isə ciddi azalma deməkdir. Kartof əkin sahələrinin azalması hallarına Gədəbəy, Lerik, Yardımlı, Kürdəmir, Xaçmaz və digər rayonlarda da rast gəlinib. Fermerlər isə əvvəlki illərdə kartofçuluqdan zərərlə çıxdıqlarına görə əkin sahələrini digər məhsulların yetişdirilməsi ilə əvəzlədiklərini söyləyiblər. Bununla yanaşı, bəzi bölgələrdə isə kartof əkin sahələri artıb. Amma ümumilikdə, ölkə üzrə kartof yetişdirilməsi üçün əkin sahələrində ötən illə müqayisədə 2350 hektardan artıq azalma qeydə alınıb.

Bəs kartof əkin sahələrinin azalmasının səbəbi nədir və bunun qiymətlərə təsiri olacaqmı?

İqtisadçı ekspert Asif İbrahimov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, əvvəlki illərə nisbətən kartof istehsalında azalmanın qeydə alınması cüzi şəkildə qiymət artımına gətirib çıxara bilər.

Onun sözlərinə görə, amma bunun kritik həddə çatacağı gözlənilmir: "Çünki bu məsələdə balans yaradılır və yaradılacaq. Ona görə də bu sahədə hər hansı bir problemin və ya qıtlığın yaranacağını düşünmürəm. Məlumdur ki, ənənəvi olaraq Azərbaycanın Gədəbəy, Cəlilabad və digər ətraf rayonlarında kartofun əkini, istehsalı və satışı həyata keçirilir. Lakin həmin ərazilərdən toplanılan məhsullar əhalinin kartofa olan tələbatını qarşılamır və buna görə də Azərbaycana kartof idxal olunur".

Məlumat üçün bildirək ki, rəsmi statistik məlumatlara əsasən, bu ilin yanvar-aprel aylarında 50,9 min ton kartof istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə kartof istehsalı 1,1 faiz artıb. Bu dövrdə 43,6 min hektar sahədə kartof əkilib, amma ötən il bu rəqəm 46 min olub. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin eyni dövründə kartofun idxalı 5,9 faiz, ixracı isə 26 faiz azalıb.

Kartofu saxlamaq üçün Azərbaycanda soyuducu anbarlar yoxdur

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov İqtisadiyyat.az-a deyib ki, bu ilin dörd ayında kartof istehsalında artıma baxmayaraq bu məhsulun qiyməti daxili bazarda hələ də yüksək olaraq qalır. Onun sözlərinə görə, bu, təklifin az olması ilə bağlıdır:

"Digər tərəfdən Azərbaycanın ixrac etdiyi kartofun həcmi də azalıb. Yəni Azərbaycan təxminən 60-70 min ton kartof ixrac edir, amma 200 min tondan çox idxal edir. Demək olar ki, 2005-ci ildən bu yana Azərbaycanda kartof istehsalı azalıb. Ən yaxşı, ən çox 2005-ci ildə istehsal olunmuşdu. Əhalinin sayının kəskin artmasına baxmayaraq, bu müddət ərzində kartof istehsalını o səviyyəyə çatdıra bilməmişik. Son bir neçə ildə kartofun əkin sahəsi isə azalır. Çünki kartofu saxlamaq üçün Azərbaycanda soyuducu anbarlar yoxdur ki, məhsullar orada bir müddət saxlanılsın və sonradan mərhələ üzrə bazara çıxarılsın".

Cəlilabadda yetişdirilən kartofun bir hissəsinin Rusiya, digər hissəsinin isə yerli bazarlara çıxarıldığını vurğulayan ekspert deyib ki, təklif çox olduqda topdansatış qiymət də aşağı düşür:

"Burada manipulyasiya da mövcuddur. Bu işlə məşğul olan işbazlar topdansatış bazarlarda qəsdən qiyməti endirirlər ki, alıcılar onlardan ucuz qiymətə məhsul əldə etsinlər. Ümumilikdə, Azərbaycan bazarı artıq, demək olar ki, kartofun qiymətinin formalaşmasında qonşu ölkələrin bazarından asılıdır. Apardığımız müşahidələr göstərir ki, kartof istehsalı dünyada artan templə gedir. Bu da o deməkdir ki, qonşu ölkələr daha ucuz kartof istehsal edə bilirlər. Qış mövsümündə Rusiyanın istehsal etdiyi kartofun qiyməti 30-35 qəpik olduğu halda, bizdə bu, bir manat idi. Ona görə də Rusiya, Belarus, Gürcüstandan kartof idxal edilir. Bundan əlavə bizdə kartofun idxalı ilə məşğul olanlar olduqca zirəkdir. Onlar bazarda məhsul qıtlığının yaranacağını, qiymətlərin artacağını hiss etdikdə dərhal gedib xaricdən kartof gətirirlər. Həmçinin unutmayaq ki, Rusiya və Belarusda kartofu uzun müddətə saxlaya bilirlər. Hətta köhnə kartofu bir il müddətinə saxlamaq mümkündür. Çünki onlar faraş kartof əkini ilə bir o qədər də məşğul olmurlar".

Qarşıdakı aylarda kartofun qiyməti arta bilər

V.Məhərrəmov da hesab edir ki, kartof əkin sahələrinin azalması bazarda cüzi bahalaşmaya gətirib çıxara bilər: "Lakin bu məhsulun qiymətində kəskin bahalaşmanın olacağına inanmıram. Amma nisbətən qiymət artacaq. Baxmayaraq ki, indi qiyməti yüksəkdir, iyul, avqust aylarında da kartofun qiyməti arta bilər. Çünki məhsulun maya dəyəri artır".

Müşahidələrimiz onu deməyə əsas verir ki, kartof sahələrinin azalması fermerlərin digər sərfəli bitkilərin yetişdirilməsinə üstünlük verməsi ilə əlaqədardır. Çünki diqqətlə nəzər yetirdikdə, ötən il kartof əkilən sahələrdə bu il digər bitkilərin yetişdirildiyi aydın müşahidə olunur. Mütəxəssislər də hesab edir ki, növbəli əkin məhsuldarlıq üçün olduqca vacibdir. Çünki bir sahədə ardıcıl eyni bitkini əkəndə artıq o torpağın məhsuldarlığı azalır və torpaq ölür. Ona görə də orada sələf bitkilərin əkilməsi tövsiyə olunur. Məsələn, Cəlilabadda keçən il kartof əkilən sahələrin böyük bir hissəsində bu il digər bitkilərin yetişdirildiyi müşahidə olunur. Fermerlər bununla həm gəlir götürür, həm də torpağın məhsuldarlığının artırılmasına dəstək verirlər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə İqtisadiyyat.az-a açıqlamasında Cəlilabadda kartof əkin sahələrinin azalmasının əsl səbəblərini açıqlayıb. Onun sözlərinə görə, burada böyük əksəriyyət trendi daha sərfəli olduğu üçün çiyələyə dəyişiblər:

"Çünki fermerlər özlərinə sərf edən məhsulu əkirlər və heç kəs onları hər hansı bir məhsulu əkməyə məcbur edə bilməz. Qərarı istənilən halda fermer verir. Kartof əkin sahələrinə sahib olan fermer həm də sahibkar və biznes fəaliyyəti ilə məşğul olan şəxsdir. Odur ki, daha çox gəlir gətirməyə imkan verən məhsul əkininə üstünlük verirlər. Kartof sahələrinin azalmasının səbəbi də daha gəlirli bitkilərə, xüsusilə də çiyələyə üstünlük verilməsidir. Çünki Rusiya bazarında bu məhshula çox böyük tələbat var. Bizdə də erkən sort çiyələk əkini, xüsusilə ilkin olaraq Cəlilabadda həyata keçirilir. Fermerlər erkən sort çiyələk əkir və ilboyu Rusiya bazarlarına ixrac edərək yaxşı gəlir əldə edirlər".

Nazirlik rəsmisi eyni zamanda söyləyib ki, Cəlilabad rayonunda kartof əkin sahələri azalsa da, digər bölgələrdə artıb: "Məsələn, Ağstafa rayonu bu il daha çox kartof əkininə başlayıblar. Keçən il bu məhsuldan daha çox gəlir götürdükləri üçün bu il əkin sahələrini artırıblar".

V.Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə dəstəyindən də danışıb. O bildirib ki, nazirliyin əsas funksiyası subsidiyalaşdırmaqdır: "Biz həm hektar başına əkinləri, həm də təkrar kartof əkinlərini subsidiyalaşdırırıq. Fermer taxılı biçinindən sonra növbəti mövsüm əkininə qədər torpaq boş qalmasın deyə qarğıdalı, yaxud kartof əkirsə, biz yenidən subsidiya veririk. Bir fermer il ərzində iki dəfə subsidiya almaq imkanı qazanır. Bir də kartofla bağlı toxumçuluq tərəfindən köməklik göstərilir. Elmi Tədqiqat İnstitunda kartof sortlarının, xüsusilə virussuz kartof toxumçuluğu layihəsi həyata keçirilir. Elit sortların əkilməsi, yayılması və s. məsələlərlə bağlı fermerlərə Aqrar Xidmətlər Agentliyinin Təlim Mərkəzi tərəfindən davalı təlimlər keçirilir. Biz həm subsidiyalaşdırma, həm də maarifləndirmə tədbirlərini həyata keçiririk".

Sadiq Cavadov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.