Bankların dollar tələbi niyə yüksək olub?
31-05-2024, 15:04
Valyuta hərracı hər həftənin çərşənbə axşamı və cümə axşamı Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.
Mayın 30-da Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan bildirilib ki, hərracda tələb 110,5 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
"Tələbin nisbətən yüksək olması cari həftənin çərşənbə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır", - Bankdan bildirilib.
Xatırladaq ki, 23 may 2024-cü il tarixində Mərkəzi Bankda valyuta hərracı keçirilib. Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Bu, daha öncə - mayın 21-də keçirilən hərracda olan tələblə müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6% azdır.
Mərkəzi Bankda valyuta hərracı hər həftənin çərşənbə axşamı və cümə axşamı Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.