Taxıl yağışa təslim olub: Çörək bahalaşır? - AKTUAL

31-05-2024, 10:22           
Taxıl yağışa təslim olub: Çörək bahalaşır? - AKTUAL
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin taxıl sahələrinə vurduğu ziyan açıqlanıb.

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi taxıl sahələrinə ziyan vurub. Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyevin "Report"un Muğan bürosuna verdiyi məlumata görə, yağmurlu havaların intensiv şəkildə davam etməsi, həmçinin temperaturun aşağı olması yabanı bitkilərin və alaq otlarının yüksək sürətlə inkişafına münbit şərait yaradır.

Ölkəmizdə taxil qıtlığı olacaq? Сörək bahalaşa bilərmi?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, taxil sahəsi hazırda inkişafdan dayanıb:

“Yağış və külək taxılın yatmasına və diblərində alaq otlarının sürətlə bitməsinə səbəb olur. Alaq otlarının da inkişafının qarşısını almaq olduqca çətindir. Bəzi üsullardan istifadə oluna bilər, lakin ölkəmizdə bunun üçün xüsusi əlvərişli imkanlar yoxdur.

Məsələn, sovetlər dönəmində “kukriznik” deyilən təyyarədən istifadə olunurdu. Ancaq hazırda bu praktikadan ölkəmizdə istifadə olunmur”.

Ekspert vurğulayıb ki, erkən yazda taxıl sahələrində alaq otlarına qarşı herbisidlərlə kimyəvi mübarizə üsülları həyata keçirilməlidir:

“Vələmir yabanı taxıl bitkisi olaraq mədəni taxıl bitkilərinə nisbətən əlverişsiz mühitdə daha yaxşı inkişaf edir. Taxıl əkilmiş sahələrdə vələmirə qarşı müvafiq herbisidlərlə kimyəvi mübarizə tədbirləri həyata keçirilmədikdə, onun toxumları ilə sirayətlənmiş torpaqda digər mədəni otların inkişafının qarşısını alır. Bütün bunların baş verməməsi üçün növbəli əkinçilik sisteminə ciddi şəkildə əməl olunmalıdır”.

O qeyd edib ki, ölkəmizdə taxıl qıtlığı olmayacaq:

“Ölkəmizdə Rusiya-Ukrayna müharibəsindən sonra taxıl istehsalı xeylı artıb. Belə ki, müharibədən sonra taxıl istehsal edən MDB ölkələrində taxılın istehsalı kəskin inkişaf edib. Hətta bildirim ki, Rusiya müharibədən öncə 30 milyon ton taxıl ixrac edirdisə, hazırda isə 60 milyon tona qədər taxıl ixrac etməyi hədəfləyib. Belə olan halda ölkə daxilində məhsuldarlığın aşağı düşməsi qorxulu deyil. Çünki ölkə daxilində çatışmayan taxıl idxal hesabına qarşılanacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.