Sosial xərclərin müasir təsnifatı maaş-təqaüd öhdəliklərinə deyil də, məhz belə rəqəmlərə üstünlük verir...

3-06-2024, 11:54           
Sosial xərclərin müasir təsnifatı maaş-təqaüd öhdəliklərinə deyil də, məhz belə rəqəmlərə üstünlük verir...
Azərbaycanda hökumətin ən çox sevdiyi tezislərdən biri odur ki, sosial dövlət modeli həyata keçirilir, büdcənin 40%-dən çoxunu sosial xərclər təşkil edir. Doğrudan da büdcənin 40%-i böyük rəqəmdir, inkişaf etmiş ölkələrə yaxın göstəricidir. Sadəcə problem odur ki, bizdə büdcədən ödənilən maaşlar və təqaüdlər də sosil xərc sayılır, müasir təsnifatda isə yanaşma başqadır. Yəni, 900 min büdcə işçiləri çalışıb əmək haqqı alırlar, bu sosial xərc deyil, işəgötürənin (dövlətin) öhdəliyidir, və ya, ildə 1,2 mln. nəfərə yaxın təqaüdçülərə 6,5 mlrd. manata yaxın vəsait ödənilir – amma bu da sosialyönümlülük deyil axı, o vəsaitin böyük bir hissəsini əmək müqaviləsi və VÖEN-lə çalışanlar öz qazanclarından DSMF-yə ödəyirlər, dövlət sadəcə yığım və çatdırılma ilə bağlı infrastruktur qurub.
Yaxşı, bəs müasir yanaşmada sosial xərclər nədir – deyim də, məsələn, təcili tibbi yardımın effektliyi və əlçatanlığıdır. Bakıda rəsmən 2,5, qeyri rəsmi isə, ən azı 3,5 mln. əhali yaşayır, amma işlək vəziyyətdə dövlətə aid cəmi 139 ambulans xidmət göstərir. Rəsmi əhali sayını nəzərə alsaq 18 min nəfərə bir, qeyri-rəsmi əhali sayını götürsək 25200 nəfərə bir ambulans düşür. Şəhər yollarını, tıxacları da nəzərə alsaq onların effektiv işlədiyini söyləmək çətindir – bəlkə elə bu səbəbdən “World Statistics” resursunun hesabatına əsasən Azərbaycan ürək-damar və digər xəstəliklərə görə hər 100 000 nəfər əhaliyə düşən ölüm sayında Tacikistandan sonra 2-ci yerdədir?!
Qonşu Gürcüstanın paytaxtı Tiflisdə 1,2 mln. əhali yaşayır, dövlətə aid 200 abmulans hər gün xidmət göstərir – yəni, 6000 nəfərə bir təcili yardım maşını düşür.
Bax sosial xərclərin müasir təsnifatı maaş-təqaüd öhdəliklərinə deyil də, məhz belə rəqəmlərə üstünlük verir...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.