Post-sovet məkanında niyə sonuncuyuq? - "5 il ərzində müsbətə doğru dəyişəcək"
14-06-2024, 19:17
"Azərbaycanın keçmiş SSRİ məkanında təhsil alanların sayına görə axırıncı yerdə olması xoşagələn hal deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Elçin Əfəndiyev Azərbaycanın post-sovet məkanında ali təhsillilərin sayına görə axırıncı yeri tutması ilə bağlı statistikaya münasibətində deyib.
Ekspert bunun bir neçə səbəbi olduğunu hesab edir:
"Müstəqilliyi yenidən bərpa etdikdən sonra Azərbaycanda xaotik bir vəziyyət idi, ali təhsil almaq həmin dövrdə maraqlı deyildi. Həmçinin qəbul şərtləri həmin dövrdə bir o qədər də əlverişli deyildi. Yalnız test üsulunun tətbiqindən sonra təhsil almağa maraqlı olanların sayı tədricən artmağa başladı. Bu gün biz müşahidə edirik ki, son 3-4 il ərzində ali təhsil müəssisələrinə ən azı 50 mindən yuxarı Azərbaycan vətəndaşı qəbul olur. Əvvəllər isə bu say 10-15 min arasında idi. Düşünürəm ki, həm ali təhsil müəssisələrinə marağın artması, həmçinin yeni universitetlərin yaradılması, ali məktəblərə qəbul şərtlərinin əlçatanlığı bu sayı yaxın 5 il ərzində müsbətə doğru dəyişəcək".
Ekspert bunların ali təhsil almaq üçün yetərli olmadığını bildirib:
"Fikirimcə, biz bəzi istiqamətlər üzrə ali təhsil almaq istəyən şəxsləri bir nov prosesə cəlb etməliyik. Erkən yaşda qızların nikaha cəlb olunmasının qarşısı alınmalıdr. Həmin qızlar da ali təhsil alma qşansına malik olmalıdırlar. O cümlədən valideynlər tərəfindən oğlan uşaqlarının təhsildən yayınması halları var. Onun da qarşısı alınması üçün aidiyyatı qurumlar hərəkətə keçməlidir ki, onlar da ali təhsil almaqda maraqlı olsunlar".
Elçin Əfəndiyev bu gün ali təhsil məssisələrində 160 mindən çox tələbənin olduğunu qeyd edib:
"Təkcə bu il 60 min tələbə qəbulu nəzərdə tutulub. Bir neçə ilədən sonra baxacağıq ki, təhsil alanların sayı 400 minə çatdı. Bu da MDB məkanlarında ali təhsil alanlar üzrə Azərbaycanın yüksək pilləyə doğru çıxması ilə nəticələnəcək".
Elçin Əfəndiyev universitetlərində illik təhsil haqların yüksək olması insanlarda ali təhsil almaqla bağlı istəklərinin üzərinə xətt çəkir:
"Bunun aradan qaldırılması üçün dövlət tərəfindən müəyyən tədbirlər görülüb. 2024-2025-ci il tədris ili üçün aparılacaq qəbul dövründə ən azı 30 min nəfərin dövlət sifarişi üzrə təhsil alacağı gözlənilir".