Azərbaycanda qoyun ətinin bahalaşması davam edir
21-06-2024, 16:34
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, may ayında qoyun ətinin 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 16,24 manat təşkil edib.
Azərbaycanda qoyun ətinin bahalaşması davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, may ayında qoyun ətinin 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 16,24 manat təşkil edib. Bu, aprel ayı ilə müqayisədə 0,8 faiz, yanvar ayı ilə müqayisədə isə 1,5 faiz çox deməkdir.
Qoyun idxalı kəskin azalıb
Qeyd edək ki, Azərbaycanın diri qoyun idxalı kəskin azalıb. Bu ilin yanvar-aprel aylarında Azərbaycan Rusiya və Gürcüstandan cəmi 3580 baş diri qoyun idxal edib. Lakin keçən ilin eyni dövründə bu rəqəm 17952 baş olub.
Xatırladaq ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Eldar Həsənov "Report"a deyib ki, Azərbaycanda qoyunların sayının azalmasına səbəb həm də onların erkən yaşda, az çəkidə kəsilməsidir:
"Belə olan təqdirdə isə heyvan yetişdirilməsi tam aparılmır. Son illər iqlim dəyişiklikləri ilə əlaqədar olaraq təbii otaqlarda - bitki örtüyündə baş verən dəyişikliklər, yem çatışmazlığı da bahalaşmaya səbəb olan amillərdən biridir. Yem bazası da heyvandarlığın inkişafı üçün vacib şərtdir, bol olarsa, heyvanların yemlənməsi lazımi səviyyədə aparılarsa, məhsuldarlıq artar. Ölkə üzrə kəndətrafı örüş sahələrində də azalma var".
E.Həsənov əlavə edib ki, ölkədə intensiv və yarım intensiv qoyunçuluğun inkişafı əhəmiyyətlidir:
"Bu sahədə fəaliyyət göstərən fermalar var. Fermerlər bu sahədə təcrübəni öyrənməli, tətbiq etməlidir".